
Bakı. Trend:
Bu gün Azərbaycanda 20 Yanvar faciəsinin 36-ci ildönümüdür.
Trend-in
məlumatına görə, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda
mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il
yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən
Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ
rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının
küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən
geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin
yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib
çıxardı.
Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf
və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından
keçərək şəhidlik zirvəsinə ucaldılar.
Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20
Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla, SSRİ-nin cinayətkar
rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz
azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini,
əyilməzliyini, məğrurluğunu bir daha nümayiş etdirdi.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən
fövqəladə vəziyyət elan edilmədən Sovet ordusu Azərbaycana qarşı
hərbi əməlliyatlara başladı. Faciə zamanı 147 insan öldürüldü,
744-ü ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi.
Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və
dövlət əmlakı dağıldı.
Bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən şəxs
ümummilli lider Heydər Əliyev oldu. Belə ki, Heydər Əliyev 21
yanvar 1990-cı il tarixdə faciə ilə əlaqədar Azərbaycanın
Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda çıxış edərək
bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid edib. Heydər
Əliyev bu hadisəni hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə
elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab
etdiyini bildirib.
Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz
müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Bu qanlı
hadisələrdən illər keçsə də, xalqımız o müdhiş gecəni daim
xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir.
Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi
respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd
edilir.
Bu gün isə bütün şəhidlərimizin ruhu şaddır. Çünki onların
uğrunda canlarından keçdiyi Azərbaycan 44 günlük Vətən
müharibəsindən qalib çıxaraq öz ərazi bütövlüyünü bərpa etdi.
Azərbaycan xalqı öz şəhidlərini heç zaman unutmayacaq, onların əziz
xatirəsi daim xalqımızın qəlbində yaşayacaq.


