
Bakı. Trend:
“Azərbaycan Respublikasında gender (kişi və qadınların)
bərabərliyi üzrə 2026 – 2028-ci illər üçün Milli
Fəaliyyət Planı” həyata keçirilməsinin əlaqələndirilməsi
məqsədilə İşçi Qrup yaradılacaq.
Trend-in
məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar
imzalayıb.
Qərara əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi Milli Fəaliyyət Planının həyata keçirilməsinin
əlaqələndirilməsi məqsədilə əsas və digər icraçı orqanların
(qurumların) rəhbərlərinin müavinlərindən ibarət məsul şəxslərin
təmsil olunduğu İşçi Qrup yaratmalı və bu barədə məlumatı 2026-cı
il fevralın 1-dək Nazirlər Kabinetinə təqdim etməlidir.
Dövlət Komitəsi ildə bir dəfə Milli Fəaliyyət Planının icrasının
monitorinqinin və qiymətləndirmə hesabatının İşçi Qrup tərəfindən
müzakirəsini təşkil etməlidir.


