ABŞ ilə müzakirədən söhbət gedə bilməz – İran parlamentinin rəsmisi

Baş səhifə

Bakı. Trend:

Hazırkı vəziyyətdə İranın ABŞ ilə müzakirə aparmasından heç bir
söhbət gedə bilməz.

Trend-in
məlumatına görə, bunu İran parlamentinin Milli təhlükəsizlik və
xarici siyasət komitəsinin sədri İbrahim Əzizi bu gün Tehranda
keçirilən mətbuat konfransında deyib.

“İran və ABŞ arasında 5 raund müzakirə təşkil olunub. Lakin
qarşı tərəf müzakirə masasını müharibə meydanına çevirib”, – deyə o
bildirib.

Əzizi əlavə edib ki, qarşı tərəf İranın mənafeyini görməzlikdən
gəlib və öz tələblərini diktə etməyə çalışıb. Bu baxımdan müzakirə
aparmağın mənası yoxdur.

2025-ci il 12, 19, 26 aprel, 11 may və 23 may tarixlərində İran
və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayı
müzakirələrin 5 raundu keçirilib. Dolayı müzakirələr Oman
Krallığının xarici işlər naziri Seyid Bədr Əlbusəidinin
vasitəçiliyi, İran nümayəndə heyətinə xarici işlər naziri Seyid
Abbas Araqçi və ABŞ nümayəndə heyətinə ABŞ-nin Yaxın Şərq
məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilə
təşkil olunub. Müzakirələrin 1, 3 və 4-cü raundu Oman paytaxtı
Məsqətdə, 2-ci və 5-ci raundu isə İtaliya paytaxtı Romada baş
tutub.

Xatırladaq ki, 2025-ci il 13 iyun səhər saatlarında İsrail İrana
hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda
yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək
səviyyəli rəsmilər ölüb.




Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə
İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə
yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da
mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları
edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv
edildiyi qeyd olunub.

Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki
hərbi bazasına hava zərbələri endirib.

24 iyunda İsrail Baş nazirinin ofisi İsrail hökumətinin ABŞ
Prezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsə
razılaşdığını elan edib.

İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraq
hücumların dayandırıldığını qeyd edib.