
Bakı. Trend:
Yanvarın 16-da gənclər və idman naziri Fərid Qayıbov idman
federasiyalarının nümayəndələri ilə 24-cü görüşünü keçirib.
Trend xəbər verir
ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat
yayıb.
Azərbaycan İdman Akademiyasında təşkil olunan tədbirdə nazir
Fərid Qayıbov görüş iştirakçılarını salamlayaraq son dövrdə görülən
işlər və qarşıda duran vəzifələr barədə danışıb.
Görüşün gündəliyinə uyğun olaraq VI İslam Həmrəyliyi Oyunlarının
yekun hesabatı, “Los-Anceles-2028” Yay Olimpiya Oyunlarına hazırlıq
prosesi, idmançıların qeydiyyatı və təsnifatlaşdırılması məsələləri
barədə məlumat verilib. Həmçinin süni intellekt (AI), “Azərfit”
layihəsi, eləcə də fiziki və psixoloji hazırlıq planları barədə
təcrübəli xarici mütəxəssislər Edvard Kolar, Rado Pisot, Matej
Tusak və Tomaz Levakın təqdimatları dinlənilib.
Görüşdə idman növləri üzrə məşqçilik kursları, nazirliyin
tabeliyində fəaliyyət göstərən UGİM-lərlə bağlı məsələlər, bu il
Seneqalda keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunları, eləcə
də Bakı-2026 “Dünyanın İdman Paytaxtı” barədə məlumat verilib,
federasiyaların sosial media fəaliyyəti ilə bağlı hesabat təqdim
edilib.


