
Bakı. Trend:
İşçilərin iş yerinin və orta əmək haqqının saxlandığı hallara
dəyişiklik edilib.
Trend-in
məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək
Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini
tapıb.
Daha əvvəl hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə
yetirilməsi üçün hərbi və xüsusi toplanışlara və səlahiyyətləri
daxilində hərbi komissarlıqların cəlb etdiyi digər hərbi
tədbirlərdə iştirak etdikdə, habelə hərbi nəqliyyat
vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar ezam olunduqda işçinin
iş yeri və orta əmək haqqı saxlanılırdı.
Qanuna əsasən, hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə
yetirilməsi üçün hərbi təlim, yoxlama, xüsusi toplanışlarda
və fəaliyyət istiqamətlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun) cəlb etdiyi digər
tədbirlərdə (hərbi qeydiyyat, xüsusi hərbi ixtisaslar üzrə
hazırlıq, çağırışçıların tibbi müayinəsi, hərbi vəziyyət rejiminin
təmin edilməsinə yönəldilmiş tədbirlər və s.) iştirak
etdikdə, habelə hərbi nəqliyyat vəzifəsinin yerinə yetirilməsi ilə
əlaqədar ezam olunduqda işçinin iş yeri və orta əmək haqqı
saxlanılacaq.


