
Bakı.Trend:
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti
tərəfindən 3, 10 və 17 fevral tarixlərində hərraclara 5 səhmdar
cəmiyyətinin səhm paketi və 286 nəqliyyat vasitəsi çıxarılıb.
Trend xəbər
verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidməti məlumat
yayıb.
Bildirilib ki, fevralın 3-də keçiriləcək hərraca 81 nəqliyyat
vasitəsi çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 1971-2022-ci
illəri əhatə edir.
Fevralın 10-da keçiriləcək hərraca 11 nəqliyyat vasitəsi
çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 2005-2014-cu illəri
əhatə edir.
Fevralın 17-də keçiriləcək hərraca 5 səhmdar cəmiyyətinin səhm
paketi və 194 nəqliyyat vasitəsi çıxarılıb. İştirak edəcək şəxslər
xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətlərinin
səhmlərini özəlləşdirə bilərlər. Bunlar “Gəncə Quşçuluq”, “Ləki
Sinklənmiş qablar”, “Xəzər Avtonəqliyyat”, “Xaçmaz Mexanizasiya
Nəqliyyat” və “İsmayıllı Sənaye İstehsal” açıq səhmdar
cəmiyyətləridir. Səhmdar cəmiyyətlərinin nizamnamə kapitalı 123.056
manatla 1.223.095 manat arasında dəyişir. Avtomobillərin buraxılış
tarixləri 1976-2019-cu illəri əhatə edir.
Hərraca çıxarılan əmlakların siyahısı ilə
Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış
olmaq mümkündür.
İştirak etmək istəyənlər “www.emlak.gov.az” və
“www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan
əmlaklar üzrə seçim edə bilərlər.


