
Dünyanın ən inkişaf etmiş ictimai nəqliyyat sisteminə malik TOP-5 meqapolisi Sinqapur, Tokio, Honkonq, Seul və Londondur.
“Report” xəbər verir ki, bu nəticələr “Boston Consulting Group”un (BCG) “BCG City Mobility Compass: The Global Champions of Urban Mobility” adlı yeni araşdırmasında əksini tapıb.
Araşdırma çərçivəsində dünyanın 150 şəhəri üzrə 20-dən çox göstərici təhlil edilib. Buraya emissiya səviyyəsi, yol sıxlığı, ictimai nəqliyyatın əlçatanlığı kimi meyarlar daxildir. Eyni zamanda, 50-dən çox şəhər rəhbəri arasında aparılan sorğunun nəticələrindən istifadə olunub.
Hesabata görə, şəhərlərin 90 %-dən çoxu 2035-ci ilə qədər şəhər mobilliyini yaxşılaşdırmağı hədəfləyir. Bu məqsədlər şəxsi avtomobillərdən istifadənin azaldılması və daha dayanıqlı nəqliyyat növlərinə – ictimai nəqliyyat, velosiped və piyada hərəkətinə keçidi nəzərdə tutur.
Lakin BCG-nin qiymətləndirməsinə əsasən, şəhərlər müəyyən etdikləri hədəflərdən orta hesabla 10-15 faiz bəndi geri qalır. Bildirilir ki, son on il ərzində şəhərlərin cəmi 3-5 faiz bəndi irəliləyiş əldə etməsi mövcud fərqin nəzərdə tutulan müddətdə aradan qaldırılmasını çətinləşdirir.
Araşdırmada qeyd olunur ki, şəhərin icra hakimiyyətləri transformasiyaya sadiq olsalar da, mobillik sahəsində dəyişikliklərin mürəkkəb olduğunu etiraf edirlər. Sorğuda iştirak edənlərin 90 %-dən çoxu hansı tədbirlərin daha böyük təsir göstərəcəyini müəyyənləşdirməyin çətin olduğunu bildirib. Respondentlərin yarıdan çoxu ictimai müqaviməti əsas maneə kimi göstərib. Bununla belə, şəhərlərin 50 %-dən azı əsas onlayn sorğulardan kənar sakinləri qərarların qəbulu prosesinə cəlb edir.
BCG-nin Mobillik İnnovasiyaları Mərkəzinin rəhbərlərindən biri və hesabatın həmmüəllifi Markus Hagenmayerin fikrincə, təkcə ambisiya kifayət etmir:
“Sürətli transformasiya üçün ilk addım şəhərin harada geri qaldığını və hansı tədbirlərin daha tez nəzərəçarpan nəticə verəcəyini dəqiq müəyyənləşdirməkdir”.
Hesabatda şəhərlərin mobillik səviyyəsi altı arxetip üzrə qiymətləndirilib və hər kateqoriya üzrə liderlər müəyyən edilib:
– İctimai nəqliyyatı inkişaf etmiş meqapolislər (Mass-Transit Megacities): Sinqapur, Tokio, Honkonq, Seul, London;
– İnkişaf edən innovasiya mərkəzləri (Prosperous Innovation Centers): Utrext, Helsinki, Vyana, Amsterdam, Kopenhagen;
– Ənənəvi orta miqyaslı şəhərlər (Traditional Middleweights): Stokholm, Manheym, Vellinqton, Tallin, Rotterdam;
-Multimodal metropolislər (Multimodal Metropolises): Berlin, Barselona, Madrid, Nankin, Pekin;
– Şəxsi nəqliyyatın üstünlük təşkil etdiyi meqapolislər (Private Transport Powerhouses): San-Fransisko, Nyu-York, Əbu-Dabi, Dubay, Sidney;
– İnkişaf etməkdə olan nəhəng şəhərlər (Developing Urban Giants): Kuala-Lumpur, Banqalor, Manila, Dehli, Dəkkə.
BCG-nin təhlili göstərir ki, hətta oxşar ölçülü şəhərlər arasında belə mobillik səviyyəsində ciddi fərqlər mövcuddur. Xüsusilə şəxsi avtomobillərdən yüksək dərəcədə asılı olan, əhalisi 3 milyondan çox şəhərlərdə 10 dəqiqəlik səyahət zamanı CO₂ emissiyası ictimai nəqliyyatı inkişaf etmiş meqapolislərlə müqayisədə iki dəfədən çoxdur. Bu şəhərlərin sakinləri ildə orta hesabla 40 saat daha çox vaxtı yolda keçirirlər.
Eyni zamanda, inkişaf etməkdə olan nəhəng şəhərlər nəqliyyatın əlçatanlığının azalması və ötürücülük qabiliyyətinin çatışmazlığı riski ilə üzləşir. Hesabata görə, əlavə investisiyalar olmadığı halda, 2040-cı ilə qədər bu şəhərlərdə ictimai nəqliyyata çıxış 15 faiz bəndi azala, relsli nəqliyyatın adambaşına düşən ötürücülük qabiliyyəti isə 25-30 % aşağı düşə bilər.
Araşdırmanın daha bir mühüm nəticəsi ənənəvi orta miqyaslı şəhərlərin aktiv mobillik sahəsində geri qalmasıdır. İnnovasiya mərkəzləri ilə müqayisədə bu şəhərlərdə velosipedə malik olma səviyyəsi 43 %, velosiped yollarının uzunluğu 36 %, hər 1 000 sakinə düşən birgə istifadə olunan nəqliyyat vasitələrinin (məsələn, karşerinq) sayı isə 55 % azdır.
BCG hesab edir ki, şəhərlər pərakəndə tədbirlərdən imtina edib ən kəskin problemlərə və istifadə olunmamış potensiala fokuslansalar, real vaxt məlumatlarından ssenarilərin modelləşdirilməsi və investisiya qərarlarının qəbulu üçün istifadə etsələr, əhəmiyyətli irəliləyiş əldə edə bilərlər.
Şəhərlərin öz mobillik səviyyələrini qiymətləndirməsi və oxşar kateqoriyaya aid şəhərlərlə müqayisə aparması üçün BCG “City Mobility Health Check Tool” adlı rəqəmsal alət də hazırlayıb. Gələcəkdə bu alət hesabatda yer alan bütün 150 şəhəri əhatə edəcək.


