
Bakı.Trend:
Amerika Birləşmiş Ştatlarının Miçiqan ştatında yerləşən Sautfild
şəhərinin administrasiyası həkim səhvi nəticəsində morqda oyanan 20
yaşlı qızın ailəsinə 3,25 milyon dollar təzminat ödəməyə
razılaşıb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, insident 2020-ci ildə baş verib. Serebral
iflicdən əziyyət çəkən 20 yaşlı Timeşi Boşamın ailə üzvləri qızın
boğulmağa başladığını görüb təcili tibbi yardım çağırıblar. Çağırış
ünvanına gələn mediklər onu həyata qaytarmağa cəhd ediblər, lakin
sonradan ölüm faktını qeydə alıblar.
Bir müddətdən sonra həmin qız yerli xəstəxananın meyitxanasında
torbanın içində ayılıb. Meyitxana əməkdaşları onun sağ olduğunu və
ağır nəfəs aldığını görərək dərhal xəstəxanaya çatdırıblar. Lakin o
sağalmayaraq iki aydan sonra vəfat edib.
Tibbi ekspertlər müəyyən ediblər ki, Timeşi meyitxanaya
göndərilmək əvəzinə dərhal xəstəxanaya aparılsaydı onun həyatını
xilas etmək mümkün olardı. Onun ailə üzvləri yerli icra orqanları
ilə bir neçə il məhkəmədə çəkişib və nəhayət yuxarıda qeyd olunan
məbləğdə təzminatın verilməsi ilə bağlı razılığa gəliblər.


