Bakı. Trend:
Avstraliyanın paytaxtı Kanberrada ən azı 11 əldəqayırma
partlayıcı qurğu aşkar edilib.
Trend xəbər verir
ki, bu barədə Avstraliya polisi məlumat yayıb.
Borulardan hazırlanmış bombalar Kanberranın şimal-qərb
hissəsində yerləşən küçələrdə yoldan keçən şəxslər tərəfindən
tapılıb. Polis departamentinin açıqlamasında bildirilib ki,
Belkonnen rayonunun küçələrində ev istehsalı partlayıcı qurğuların
aşkarlanması ilə bağlı məlumatlar yanvarın 13-dən etibarən
ictimaiyyətdən daxil olmağa başlayıb.
Polisin məlumatına görə, hazırda bu tip qurğuların Kanberranın
digər ərazilərində aşkar olunması ilə bağlı heç bir məlumat yoxdur.
Bununla belə, hüquq-mühafizə orqanları paytaxt sakinlərini hər
hansı şübhəli əşya ilə rastlaşdıqları halda dərhal polisə məlumat
verməyə çağırıb.
Qeyd olunur ki, yanvarın 15-i günorta saatlarınadək ümumilikdə
11 partlayıcı qurğu tapılıb. Həmin qurğuların hamısı yaşayış
ərazilərində, səkilərin və piyada yollarının yaxınlığında, eləcə də
şəhər parklarında aşkar edilib.

