ABŞ yarımkeçirici idxalına 25 faizlik tarif tətbiq etdi

Baş səhifə

Bakı. Trend:

ABŞ yarımkeçiricilərin idxalına 25 faiz həcmində tarif tətbiq
edəcək.

Trend xəbər verir
ki, bu barədə ABŞ Prezidenti Donald Trampın yanvarın 14-də Ağ Evin
mətbuat xidməti tərəfindən dərc edilmiş bəyannaməsində
bildirilir.




Sənəddə qeyd olunur ki, qərar “müəyyən qabaqcıl” mikroçiplərin
və digər oxşar məhsulların idxalına şamil edilir. Bununla yanaşı,
bir sıra istisnalar da nəzərdə tutulub. Belə ki, istehsal gücünün
genişləndirilməsi, məlumat mərkəzlərində, startaplarda, eləcə də
tədqiqat və inkişaf fəaliyyətlərində istifadə məqsədilə
yarımkeçiricilərin idxalı zamanı bu rüsum tətbiq olunmayacaq.

Bəyannamədə vurğulanır ki, hazırda ABŞ daxili tələbat üçün lazım
olan yarımkeçiricilərin cəmi 10 faizini istehsal edir. Prezident
Donald Tramp bu səbəbdən Amerika iqtisadiyyatının yarımkeçirici
sektorunda xarici təchizatçılardan ciddi şəkildə asılı olduğunu
bildirib və mövcud vəziyyəti ABŞ-nin milli təhlükəsizliyi üçün
təhdid kimi qiymətləndirib.