Danimarka Qrenlandiyaya hərbçilər yerləşdirməyə başlayıb

Baş səhifə

Bakı. Trend:

Danimarka Qrenlandiyaya hərbi kontingent yerləşdirməyə başlayıb
və yaxın vaxtlarda NATO müttəfiqləri tərəfindən dəstəyin
göndərilməsi gözlənilir.

Trend xəbər verir
ki, bu barədə “Euractiv” portalı məlumat yayıb.

Məlumata görə, Danimarka Silahlı Qüvvələrinin qabaqcıl bölməsi
artıq Qrenlandiyaya çatıb. Bu addım gələcəkdə daha iri hərbi
bölmələrin mümkün yerləşdirilməsi üçün zəmin yaratmaq məqsədi
daşıyır. Portal “DR” teleradio şirkətinə istinadən bildirib ki,
ilkin kontingent logistika və təhlükəsizlik hazırlıqlarını həyata
keçirir.

Qrenlandiya və Danimarka hakimiyyətləri adada hərbi mövcudluğun
genişləndiriləcəyini və 2026-cı il ərzində müttəfiq ölkələrlə birgə
hərbi təlimlərin davam etdiriləcəyini elan ediblər. Qrenlandiya
hökumətinin saytında dərc olunmuş bəyanatda bildirilir ki, ada
sakinləri daha çox hərbi təyyarə, qoşun və gəmi, o cümlədən NATO
müttəfiqlərinin qüvvələrini görməyə hazır olmalıdırlar.




Bu gün həmçinin İsveç Qrenlandiyaya hərbi personalının bir
hissəsini göndərdiyini təsdiqləyib. İsveçin Baş naziri Ulf
Kristersson sosial şəbəkələrdə yazıb ki, İsveç Silahlı Qüvvələrinin
personalı Danimarkanın xahişi ilə göndərilir və bir neçə müttəfiq
ölkədən ibarət qüvvələr qrupunun tərkibində fəaliyyət
göstərəcək.

Kopenhagenin bu addımları Qrenlandiya, Danimarka və ABŞ
liderlərinin həlledici görüşü ərəfəsində Vaşinqtonla münasibətlərdə
artan gərginlik fonunda atılır.

Xatırladaq ki, daha əvvəl yanvar ayında ABŞ Prezidenti Donald
Tramp Vaşinqtonun istənilən yolla Qrenlandiya üzərində nəzarəti
əldə edəcəyini bəyan etmişdi. “Əgər bunu yaxşı yolla etmək mümkün
olsa, əla olar. Əgər olmasa, onda biz bunu daha sərt yolla
edəcəyik”, – o, Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən
bildirmişdi.