
Şəklin mənbəyi, Getty Images
- Müəllif, Kate Bowie
- Vəzifə, BBC
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Mütəxəssislər bildirirlər ki, dünya üzrə bu il əvvəlki illərlə müqayisədə daha ağır bir qrip mövsümü yaşanır.
Bunun qismən virusun yeni və mutasiyaya uğramış bir versiyası ilə əlaqəli olduğu qeyd olunur.
Yaponiya və İngiltərədə artan yoluxma halları ilə əlaqələndirilən bu variant artıq bütün qitələrdə aşkarlanıb
Bu qrip variantı ilə əvvəllər geniş şəkildə qarşılaşılmadığı üçün cəmiyyətin immuniteti də daha zəifdir.
Yeni qrip virusuna qarşı peyvənd olunmalıyıqmı?
H3N2 qrip mutasiyası nədir?
Qrip virusları davamlı olaraq mutasiyaya uğrayır və alimlər peyvəndlərin yenilənməsi üçün bu dəyişiklikləri daim izləyirlər.
Əksər hallarda viruslarda kiçik dəyişikliklər baş verir. Lakin bəzən ani və böyük sıçrayışlarla əhəmiyyətli dərəcədə dəyişə bilirlər.
Kembric Universitetinin Patogenlərin Təkamülü Mərkəzinin direktoru, professor Derek Smit bildirir ki, mövsümi H3N2 qrip virusunun bir növündə yeddi mutasiya ortaya çıxıb və bu səbəbdən mutasiyaya uğramış virusun yayılma tezliyində “sürətli artım” müşahidə olunur.
Smit deyir: “Bu virusun demək olar ki, bütün dünyaya yayılacağı dəqiqdir”.
Bu qrip növü daha ağırdırmı?
H3N2 “alt soy K” kimi tanınan bu mutasiya, mövsümi influenza A virusunun bir növüdür.
İnsanlar son illərdə bu növə çox az məruz qaldıqları üçün, simptomlar digər qriplər qədər ağır olmasa belə, aşağı immunitet daha çox insanın xəstələnməsinə və virusu yaymasına səbəb olur.
Bəzi insanlar qripə yoluxsa da heç bir əlamət göstərməyə bilər, digərlərində isə ani hərarət, bədən ağrıları və güclü halsızlıq müşahidə olunur.
Lakin bu virus yaşlılar və həssas qruplar üçün ölümcül ola bilər.
Londondakı Francis Crick İnstitutunun Dünya Qrip Mərkəzinin direktoru, professor Nikola Levis deyir:
“Bir müddətdir belə bir virusla qarşılaşmamışdıq”.
Levis əlavə edir:
“Bu məni açıq şəkildə narahat edir. Panikaya düşmürəm, amma nigaranam”.
Soyuqdəymə, qrip, yoxsa Covid?
Soyuqdəymə, qrip və Covid-in əlamətləri böyük ölçüdə bir-birinə bənzəyir.
Buna baxmayaraq, hansının olduğunu anlamağa kömək edən bəzi əlamətlər var.
Soyuqdəymə, adətən, yavaş başlayır və daha çox burun və boğazın arxa hissəsini təsir altına alır.
Qrip isə əksər hallarda qəfil başlayır və oynaq və əzələ ağrıları, yüksək hərarət və güclü halsızlıq daha qabarıq olur.
Covid qripə bənzər əlamətlər göstərə bilər, lakin iy və dad itkisi fərqləndirici bir göstəricidir. Bundan əlavə, “jilet kimi” boğaz ağrısına və ishala da tez-tez rast gəlinir.
Qripdən necə qoruna bilərəm?
Qripə qarşı peyvənd olunmaq, xəstəliyə yoluxmanın qarşısını almağın ən təsirli yollarından biridir. Lakin mövcud peyvəndlər bu mutasiyaya tam uyğun olmaya bilər.
Oksford Universitetinin Pandemiya Elmləri İnstitutundan professor Kristofe Fraser BBC-yə verdiyi açıqlamada deyir:
“Bir qədər qorunma, heç qorunmamaqdansa daha yaxşıdır. Lakin bu il peyvəndin uyğunluğu əvvəlki illərlə müqayisədə daha aşağı ola bilər”.
Fraser bunun ideal bir vəziyyət olmadığını da qeyd edir.
Francis Crick İnstitutundan Nikola Levis isə mövzu ilə bağlı belə deyir:
“Hazırda dövr edən alt soy K virusları əvvəlki növlərdən antigen baxımından bir qədər fərqlidir. Buna görə də bu il qrip peyvəndi vurdurmamısınızsa, qripə yoluxma və xəstəliyi ağır keçirmə ehtimalınız daha yüksəkdir”.
Qeyd olunur ki, peyvəndin əsas faydası xəstəliyin şiddətini azaltmaqdır; lakin yoluxmanı tamamilə dayandırmaya bilər.
Qrip peyvəndləri dünya üzrə mövcuddur, amma onlara çıxış ölkələrə görə dəyişir.
Yayılmanın qarşısını almaq üçün nə etmək olar?
Qripin yayılmasının qarşısını almaq da mühüm tədbirlərdən biridir.
İngiltərə Sağlamlıq Təhlükəsizliyi Agentliyinin qrip proqramına cavabdeh olan Dr. Susanna McDonald bildirir ki, öskürərkən və asqırarkən ağzı örtmək, həmçinin əllərin isti su və sabunla tez-tez yuyulması son dərəcə vacibdir.
Qrip olan şəxslərə imkan daxilində evdə qalmaları tövsiyə olunur; əgər çölə çıxmaq məcburiyyətində qalsalar, açıq məkanlarda olmağa çalışmaları məsləhət görülür.
McDonald əlavə edir:
“İnsanlardan uzaq durun və əgər maska taxmağı düşünürsünüzsə, bu da xəstəliklərin başqalarına keçməsinin qarşısını almağa kömək edə bilər.


