
TRIPP layihəsi, yaxud Zəngəzur dəhlizi region üçün strateji layihədir.
Bunu “Report”un Gürcüstan bürosuna açıqlamasında ölkənin Prezident Administrasiyasının sabiq rəhbəri və siyasi şərhçi professor Petre Mamradze bildirib.
O qeyd edib ki, layihə artıq reallaşmaq üzrədir və proses heç bir gecikmə olmadan davam edəcək.
P.Mamradze vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin açıqlamaları layihənin uğurla həyata keçiriləcəyinin tam zəmanətidir:
“Zəngəzur dəhlizi fəaliyyətə başlayacaq və bu fəaliyyət hamının xeyrinə olacaq – həm Azərbaycanın, həm Ermənistanın, həm də Gürcüstanın”.
O əlavə edib ki, investisiyaların bu layihəyə yönəlməsi region üçün böyük əhəmiyyət kəsb edir.
“Əminəm ki, investisiyalar olacaq və həcm kifayət qədər böyük ola bilər. Avropa İttifaqının resursları müxtəlif səbəblərdən məhduddur. Bununla bağlı Avropa ekspertləri açıq danışır və yazırlar. Ona görə də indiki investisiyalar, əsasən, Cənub və Şərqdən gəlir və çox əhəmiyyətli ola bilər. Gürcüstan hökumətinin də bu istiqamətə diqqət yetirməsi region üçün əlavə üstünlüklər yaradacaq. Zəngəzur dəhlizi, əlbəttə ki, investisiyalara layiq layihədir”, – professor vurğulayıb.
Siyasi şərhçi, həmçinin avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp arasında keçirilən görüşün əhəmiyyətinə diqqət çəkib:
“Həmin görüş, yayılan fotolar və videomateriallar bütün dünyanı dolaşdı. Çünki uzun müddət davam edən münaqişə var idi və Avropa strukturları çoxsaylı görüşlər təşkil etsə də, nəticə əldə olunmurdu. Nəhayət, vacib bir görüş baş tutdu, sülh istiqamətində konkret qərar qəbul olundu və proses demək olar ki, ləngimə olmadan inkişaf edir. Təbii ki, bunu alqışlamaq lazımdır”.
Onun sözlərinə görə, ABŞ-nin və şəxsən Prezident Trampın layihədə qarant rolunda çıxış etməsi çox önəmlidir:
“Müasir dünyada çox şey dəyişib, müxtəlif güc mərkəzləri formalaşıb və hətta xaosdan danışırlar. Məhz belə bir vaxtda ABŞ və Prezident Tramp həlledici rol oynayır. Bu, prosesin gecikmədən, bütün tərəflərin, o cümlədən bütün Cənubi Qafqazın xeyrinə irəliləyəcəyinin real təminatıdır. Mən buna qətiyyən şübhə etmirəm. Açığı, bu cür qarant ola biləcək başqa heç kimi görmürəm”.


