Ceyhun Bayramov həmkarı ilə Venesueladakı son hadisələr barədə danışıb

Baş səhifə

Bakı. Trend:

13 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov ilə Venesuela Bolivar Respublikasının
xarici işlər üzrə xalq hakimiyyəti naziri İvan Xil Pinto arasında
telefon danışığı aparılıb.

Trend xəbər
verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı, Venesuelada son hadisələr, eləcə də
Azərbaycan və Venesuela arasında ikitərəfli və çoxtərəfli
əməkdaşlıq məsələləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov Venesuelada baş verən hadisələr
nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin
hüznlə başsağlığı verib. Venesuelada sülh və sabitliyin bərqərar
olacağına, Venesuelanın birliyinin qorunacağına ümidvar olduğunu
bildirib.

Venesuela naziri telefon danışığı zamanı son inkişaflar barədə
ətraflı məlumat verib. Venesuelada prezident vəzifələrinin
müvəffəqiyyətlə icra edildiyini, dövlət qurumlarının işlək
vəziyyətdə olduğunu bildirib. Nazir bununla yanaşı, ABŞ tərəfi ilə
dialoqun davam etdiyini, ABŞ şirkətlərinin, xüsusilə energetika
sahəsində fəaliyyətlərini bərpa olunduğunu, səfirliklərin
qarşılıqlı şəkildə fəaliyyətə başlaması üçün danışıqlar
aparıldığını diqqətə çatdırıb.

Nazirlər Azərbaycanla Venesuela arasında ikitərəfli
münasibətlərin inkişafı istiqamətində səylərin davam
etdirilməsinin, beynəlxalq təşkilatlar, xüsusilə BMT və Qoşulmama
Hərəkatı çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyə əsaslanan
əməkdaşlığın vacibliyini vurğulayıblar.