BDYPİ hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq etdi

Baş səhifə

Bakı.Trend:

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin məlumatına
əsasən qarşıdakı günlərdə respublika ərazisində hava şəraitinin
dəyişəcəyi, yağıntılı hava ilə əlaqədar yollarda görünüş
məsafəsinin məhdudlaşacağı gözlənilir.

Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunan hava şəraitinin yol
hərəkəti iştirakçıları üçün əlverişsiz olduğunu nəzərə alaraq,
onları diqqətli olmağa, verilən tövsiyələrə əməl etməyə
çağırır.

Trend xəbər
verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən
sürücülərə edilən xəbərdarlıqda bildirilib.

Qeyd edilib ki, dumanlı, yağıntılı havalarda xüsusilə sürücülər
aşağıdakı təhlükəsizlik tədbirlərinə mütləq əməl etməlidirlər:

Hərəkət sürəti yol və hava şəraitinə uyğun seçilməli, təhlükəsiz
ara məsafəsi və interval mütləq qorunmalıdır;

Kəskin manevrlərdən, qəfil əyləcləmədən və əsassız ötmələrdən
çəkinilməlidir;




Nəqliyyat vasitəsinin şüşələrinin, faralarının və işıq
siqnallarının təmiz və saz vəziyyətdə olmasına diqqət
yetirilməlidir.

Nəqliyyat vasitəsinin yaxın işıqları və ön-arxa gabarit işıqları
daim yanılı vəziyyətdə saxlanılmalıdır;

Görünmə məsafəsi kəskin azaldıqda duman əleyhinə işıqlardan
yalnız zərurət olduqda istifadə edilməlidir;

Qarşıdan gələn nəqliyyat vasitələrinin sürücülərinin görmə
qabiliyyətini zəiflətdiyi üçün zərurət olmadıqda uzaq işıqlardan
istifadə etmək yolverilməzdir.

Piyadalar da məhdudiyyətli görünmə şəraitində sürücülərin onları
vaxtında və aydın görə bilmələri üçün qabaqlayıcı tədbirlər
görməli, yolu yalnız müəyyən edilmiş keçidlərdən keçməli,
əlverişsiz havalarda daha diqqətli və ehtiyatlı
davranmalıdırlar.