“Steam” tarixi rekord müəyyən edib

Baş səhifə

Bakı. Trend:

“Steam” platforması eyni vaxtda istifadə edən istifadəçilərin
sayına görə yeni tarixi maksimum qeydə alıb.

Trend xəbər verir
ki, bu barədə “DTF” portalı məlumat yayıb.

11 yanvar tarixində platformanın onlayn istifadəçi sayı 42
milyon nəfəri keçib ki, bu da “Steam”in bütün fəaliyyəti dövründə
ən yüksək göstərici olub.




“SteamDB” məlumatlarına görə, eyni vaxtda onlayn olan
istifadəçilərin maksimal sayı 42.042.778 nəfər təşkil edib.
Onlardan təxminən 13,3 milyonu aktiv şəkildə oyun oynayıb, qalan
istifadəçilər isə müştəridən mağaza, sosial funksiyalar və digər
xidmətlər üçün yararlanıblar.

Qeyd edək ki, əvvəlki rekord 5 yanvar tarixində, eyni vaxtda
onlayn olan istifadəçilərin sayı 41,8 milyona çatanda qeydə
alınmışdı. Müqayisə üçün bildirək ki, “Steam”in 2025-ci ilin yanvar
ayında qeydə alınan ən yüksək göstəricisi 39,3 milyon olub ki, bu
da platformanın auditoriyasının davamlı şəkildə artdığını
göstərir.

“Steam” “Valve” şirkəti tərəfindən hazırlanmış və dəstəklənən,
kompüter oyunları və proqram təminatının rəqəmsal yayımı üçün
nəzərdə tutulmuş onlayn xidmətdir. Platforma eyni zamanda oyunçular
üçün sosial şəbəkə, forum və digər interaktiv imkanlar da təqdim
edir. “Steam” 12 sentyabr 2003-cü ildə istifadəyə verilib və ilk
yayımlanan oyunu “Counter-Strike 1.6” olub.