Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qazax
rayonunun Qarapapaq kəndində köməkçi tikilidə yanğın baş verməsi
barədə məlumat daxil olub.
Trend xəbər verir
ki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından
Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin
qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının
vətəndaşa məxsus fərdi yaşayış evinə bitişik yardımçı tikilidə baş
verdiyi və havanın küləkli olması səbəbindən bitişik tikililərə
yayılma riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yardımçı tikilidə
baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik tikililərə
keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 50 kvadratmetr olan yardımçı
tikilinin yanar konstruksiyaları 16 kvadratmetr sahədə yanıb.
Yardımçı tikilinin qalan hissəsi və bitişik tikililər yanğından
mühafizə olunub.
Xəsarət alan olmayıb.

