Bu il böyük səhm emissiyası gözlənilir – BFB

Baş səhifə

Bakı. Trend:

Ötən il “Bakı Fond Birjası” QSC-də (BFB) bütün maliyyə alətləri
üzrə bağlanmış əqdlərin ümumi dəyəri 63,823 milyard manat təşkil
edib.

Trend BFB-yə
istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 7,333 milyard
manat və ya 10,3% azdır.

Eyni zamanda hesabat dövründə bağlanmış əqdlərin sayı 29 585
olub ki, bu da 2024-cü illə müqayisədə 42 145 vahid və ya 2,4 dəfə
azdır.

BFB-nin dövriyyəsinin 50,633 milyard manatı repo
əməliyyatlarının payına düşüb. Bu isə illik müqayisədə 10,3 milyard
manat və ya 16,9% azdır.

Hesabat dövründə dövlət qiymətli kağızları üzrə əqdlərin dəyəri
2,818 milyard manat və ya 35,8% artaraq 10,682 milyard manata,
korporativ qiymətli kağızlar üzrə əqdlərin dəyəri isə 5,8% artaraq
2,508 milyard manata bərabər olub.

Eyni zamanda “Bakı Fond Birjası” QSC-nin 2025-ci ilin əməliyyat
göstəricilərinə əsasən, ilkin səhm bazarında bağlanılmış əqdlərin
ümumi dəyəri 2024-cü illə müqayisədə 9,2 dəfə azalaraq 70,675
milyon manatdan 7,680 milyon manata, ümumi sayının isə 49 301-dən
9-a düşüb.




Rəqəmlərdən görndüyü kimi ilkin səhm bazarında nəzərəçarpacaq
dərəcədə fərq müşahidə edilir.

Bu azalmanın səbəbləri və bu il üzrə böyük səhm emissiyası
gözləntiləri ilə bağlı Trend “Bakı Fond Birjası” QSC-yə (BFB) sorğu
ünvanlayıb.

Bildirilib ki, 2024 -cü ildə baş tutan irihəcmli IPO-nu
((Initial Public Offering) — ilkin kütləvi səhm təklifi)) nəzərə
alaraq, rəqəmlər bunu əks etdirir: “Müqayisədə 2025-ci ildə belə
həcmli səhm yerləşdirməsi olmadığından, qeyd etdiyiniz rəqəmlərdə
azalma müşahidə edilir”.

BFB-dən o da qeyd edilib ki, bu il üzrə böyük səhm emissiyası
gözlənilir.

“Hazırda şirkət adı çəkə bilmirik, lakin bəlli olan kimi, xəbər
edəcəyik”, – məlumatda vurğulanıb.