Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü – logistika əlaqələrinin qurulması üçün zəruri prosesin başlanğıcıdır – İnqlab Əhmədov

Baş səhifə

Bakı. Trend:

Azərbaycandan Ermənistana neft məhsullarının yeni partiyasının
göndərilməsi gözlənilir. Bu dəfəki partiyaya 1000 ton Aİ-92 markalı
benzin, 1000 ton dizel yanacağı və 1800 ton Aİ-95 markalı benzin
daxildir. Bu, 18 dekabr 2025-ci ildə 1220 ton Aİ-95 markalı
benzinin göndərildiyi ilk tədarükün ardınca ikinci yük
göndərişidir.

Məşhur azərbaycanlı iqtisadçı-ekspert İnqlab Əhmədov Trend-ə bildirib ki, bu cür
tədarüklərdə əsas məqam onların müntəzəmliyi və uzunmüddətli
perspektivləridir:

“Bunun kifayət qədər qısa zaman kəsiyində baş verməsi müsbət
haldır”.

Onun sözlərinə görə, ciddi və gözlənilməz hallar baş verməzsə,
tədarük həcmləri artacaq və zamanla regionda sabit inkişaf edən
ticarət balansı formalaşacaq.

İ.Əhmədov qeyd edib ki, bu, artıq logistikanın uzunmüddətli
şəkildə yenidən qurulması və Ermənistanla, ilk növbədə neft
məhsullarının tədarükü sahəsində tərəfdaşlığın inkişafı
perspektivləri barədə düşünməyə imkan verəcək.

“Əlbəttə, dəyişikliklər dərhal baş vermir. Azərbaycanın daxili
yanacaq təminatının və Ermənistanın tələbatının sabitliyini
pozmamaq üçün riayət edilməli olan yanacaq-enerji balansı
mövcuddur. Ermənistan bazarı kiçikdir və buna baxmayaraq,
yanacaq-enerji ‘xəritəsinin’ tez bir zamanda yenidən qurulmasından
danışmaq hələ tezdir. Hazırda söhbət simvolik ilkin addımlardan
gedir. Bütün bunlar vaxt tələb edəcək və regionda həm cənubda, həm
də şimalda, eləcə də bütövlükdə Avrasiya məkanında mövcud olan
‘tektonik’ qeyri-sabitliyi nəzərə alaraq hadisələrin necə inkişaf
edəcəyi hələ məlum deyil”, – deyə o bildirib.




“Ticarət təkcə malların tədarükü deyil, həm də ölkələrin, hətta
mövqeləri hələ tam dostyana olmasa belə, qarşılıqlı asılılığı və
əməkdaşlığını əks etdirən daha geniş mənzərədir. Azərbaycan
regionda əsas neft məhsulları təchizatçısı kimi tanınır. Hazırda
biz simvolik yanacaq-enerji məhsullarının tədarükü ilə başlayırıq
ki, bu da Ermənistan istiqamətində SSRİ-nin dağılmasından bəri
fəaliyyət göstərməyən logistika xəttinin bərpasını tələb edir.
Digər təchizatçıların, o cümlədən Rusiyanın qeyri-sabitliyi fonunda
bu cür tədarüklər üçün zaman son dərəcə münasibdir. Bu isə
tədarüklərin gələcəkdə genişləndirilməsi və ölkələr arasında
iqtisadi əlaqələrin möhkəmləndirilməsi perspektivini yaradır”, –
deyə ekspert vurğulayıb.

Ekspert əlavə edib ki, neft məhsullarının tədarükü üzrə ilk
addımlar tədricən genişlənəcək və Ermənistan rəhbərliyinin
bildirdiyi kimi, digər məhsullarla tamamlanacaq.

Onun sözlərinə görə, bu, xalqlar və dövlətlər arasında
münasibətlərin qurulması istiqamətində mürəkkəb, lakin zəruri bir
prosesin başlanğıcıdır.

İ.Əhmədov bildirib ki, proseslər məhz lazım olduğu kimi inkişaf
edir və regionda yanacaq-enerji əməkdaşlığı üçün perspektivlər
böyük vədlər verir.

Xatırladaq ki, 21 oktyabr 2025-ci ildə Azərbaycan Prezidenti
İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata
birgə bəyanatda Azərbaycan işğal dövründən mövcud olan Ermənistana
yük daşınmasına qoyulan bütün məhdudiyyətlərin aradan
qaldırıldığını və ilk belə tranzit yükünün Qazaxıstan taxılının
Ermənistana daşınmasıolduğunu bəyan etmişdi.

18 dekabrda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ermənistana
yerli istehsal olunmuş ilk neft partiyasını göndərdi.