
Bakı.Trend:
AZCON Holdinq şirkətlərindən olan ASCO-nun yerləşdirdiyi sifariş
əsasında Bakı Gəmiqayırma Zavodunda inşa edilən üçüncü “RoPax”
tipli gəmi-bərə üzrə işlər qrafikə uyğun olaraq davam
etdirilir.
Trend xəbər
verir ki, bu barədə ASCO məlumat yayıb.
Bildierilib ki, layihə çərçivəsində gəminin əsas gövdəsi üzrə
blokların yığılması işləri tamamlanıb. Hazırda boru xətləri
quraşdırılır, elektrik sistemləri üzrə kabellər çəkilir. Eyni
zamanda, havalandırma sistemlərinin montajı, mexaniki
avadanlıqların quraşdırılması, yaşayış sahələrində izolyasiya,
kabinlərin ayrılması kimi proseslər icra olunur.
Layihədə əvvəlki analoji “RoPax” gəmiləri ilə müqayisədə bir
sıra yeniliklər nəzərdə tutulub. Bunlara təsərrüfat təyinatlı üç
tonluq bir ədəd kranın quraşdırılması, sıxılmış hava sistemi üçün
əlavə saxlanc çənlərinin yerləşdirilməsi, soyuducu konteynerlər
üçün elektrik qidalanma sisteminin yaradılması daxildir.
Bundan başqa, yeni gəmidə alt yük bölməsi üzrə təhlükəli qaz
aşkarlama sistemi və köpüklü yanğınsöndürmə sistemi üzrə əlavə bir
ədəd yanğınsöndürmə tuşlayıcısı quraşdırılacaq. Eyni zamanda,
bərədə dəmiryolu xətlərinin avtomatik keçirilmə sisteminin tətbiqi,
yük platforması üzərində tormozlama sisteminin qurulması da nəzərdə
tutulub. Baş mühərrik otağında isə əlavə soyutma sistemi, iki ədəd
servis qapağı və iki ədəd xidməti kran quraşdırılacaq.
Bununla yanaşı, layihədə bəzi texniki həllər əvvəlki gəmilərlə
müqayisədə optimallaşdırılıb. Belə ki, sərnişin liftinin
quraşdırılmasından imtina edilib. Arxa köməkçi sükan qurğusu isə
ləğv olunaraq, əvəzində ön köməkçi sükan qurğusunun gücü 350
kVt-dan 545 kVt-a çatdırılıb.
Bundan öncə istismara verilən eynitipli “Azərbaycan” və “Zərifə
Əliyeva” gəmi-bərələri kimi, yeni gəmi-bərənin də maksimal sürəti
14 uzel, uzunluğu 154.5, eni 17.7, bortunun hündürlüyü isə 7.5 metr
təşkil edəcək. Daşıma qabiliyyətinə gəlincə, bu gəmi-bərə də eyni
vaxtda 100 sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük
avtomobili/TIR qəbul etmək imkanına malik olacaq.
Yeni gəmi ASCO-nun donanmasının müasirləşdirilməsi və ölkəmizin
tranzit potensialının artırılması baxımından xüsusi əhəmiyyət kəsb
edir. Digər gəmilər kimi, bu “RoPax” tipli gəminin də Xəzər dənizi
üzərindən həyata keçirilən yük və sərnişin daşımalarında, o
cümlədən Orta Dəhliz üzrə nəqliyyat əməliyyatlarında istismarı
planlaşdırılır.

