
Bakı.Trend:
Azərbaycanda son dövrlərdə, xüsusən paytaxt Bakı və iri
şəhərlərdə daşınmaz əmlak qiymətləri əhəmiyyətli dərəcədə artıb. Bu
yüksəliş şəhər infrastrukturunun inkişafı, yüksək tələbin olması və
xarici sərmayələrin artması ilə əlaqədardır. Qiymət artımı xüsusilə
mənzil və torpaq sahələrində müşahidə olunur və bu, yerli sakinlər
üçün mənzil almağı çətinləşdirir. Eyni zamanda əmlak bazarına olan
maraq həm yerli, həm də xarici investorları cəlb edir. Lakin qiymət
artımının sosial təsirlərini azaltmaq üçün əlavə tədbirlərin
görülməsi vacibdir.
Bu il daşınmaz əmlak bazarında qiymət artımı
aktuallığını qoruyacaqmı?
Mövzu ilə bağlı Trend-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər
Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, 2026-cı ildə də daşınmaz
əmlak qiymətlərində artımı müşahidə edəcəyik. Bunun əsas səbəbi
ondan ibarətdir ki, tikintiyə çəkilən xərclər durmadan artır:
“Həm manatın alıcılıq qabiliyyətindəki fərqlər, həm də işçi
qüvvəsinin əməkhaqqı artımı və yanacaq qiymətlərinin yüksəlməsi
tikinti xərclərinin artmasına səbəb olacaq. Bu isə daşınmaz əmlakın
hazırda qızıla bərabər olan yeganə investisiya vasitəsi kimi daha
da cazibədar hala gəlməsinə gətirib çıxarır. Həm biznesmenlər, həm
də adi vətəndaşlar daşınmaz əmlakı ən əlverişli yatırım sahəsi kimi
qəbul edirlər. Daşınmaz əmlak illik olaraq dəyərini artırır və eyni
zamanda gəlir gətirən potensiala malikdir”.
V. Oruc torpaq sahələrinin, bağ evlərinin və qeyri-yaşayış
obyektlərinin qiymətlərinin dəyişməsi məsələsinə də toxunub:
“Torpaq sahələri daim azalır. Üzərində tikinti aparılması və
əhali sayının artması torpaq sahələrinin daha da azalmasına səbəb
olur. Bu isə torpağa olan tələbatın artması ilə qiymətlərin
yüksəlməsinə gətirib çıxaracaq.
Xəzər dənizinə yaxın ərazilərdəki evlərin qiymətində artım
müşahidə ediləcək. İcarə bazarında müəyyən bir durğunluq yaranarsa
və müştərilərin sayında azalma baş verərsə, qeyri-yaşayış
obyektlərinin satış qiymətləri bu il stabilləşməyə meyilli
olacaq”.
O qeyd edib ki, Bakı şəhərinin Baş Planı 2040-a əsasən, şəhərin
tarixi mənzərəsini saxlamaq şərtilə müasirləşmə istiqamətində
layihələrin həyata keçirilməsi məqsədilə bir çox köhnə binaların
sökülməsi, yeni parkların salınması, ümumilikdə tikinti işlərinin
aparılmasına səbəb olacaq:
“Tikintinin maya dəyərinin artması nəzərə alındıqda, mənzil
bazarında qiymət artımının baş verəcəyi aydın görünür. Köhnə mənzil
bazarında isə qiymətlər daha az və fasiləli dinamika ilə arta
bilər. Ümumilikdə, daşınmaz əmlak bazarındakı qiymət artımını faiz
olaraq proqnozlaşdırmaq çətindir, çünki bu, bir sıra faktorlardan,
o cümlədən makro-iqtisadi göstəricilərin təzahüründən, dünya
bazarında neftin qiymətindən, ölkə iqtisadiyyatının inkişaf
səviyyəsindən, qarşıdakı maliyyə problemlərindən və onların həlli
yollarından, bankların kredit vermə imkanlarından və vətəndaşların
iqtisadi fəallığından asılıdır. Bu faktorların hamısı daşınmaz
əmlakın qiymətinə təsir göstərə bilər”.
Onun sözlərinə görə, 2025-ci ilin sonunda daşınmaz əmlak
bazarında aktivlik müşahidə olunub.
“Vətəndaşlar 2025-ci ildə əldə etdikləri kapital yığımını əsasən
ilin sonunda daşınmaz əmlaka yönəldiblər. 2026-cı ildə maliyyə
alətləri yenilənmədikdə, yəni fond birjaları aktivləşmədikdə və ya
səhm bazarı formalaşmadıqda, insanlar üçün alternativ investisiya
istiqamətləri təklif olunmadıqda, daşınmaz əmlak qiymətində
azalmanın ehtimalı sıfıra yaxın olacaq”,- deyə o əlavə edib.


