
Bakı. Trend:
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin
təsisçisi və rəhbəri Leyla Əliyeva yeni ilin ilk günlərində Qusar
rayonuna səfər edib.
Trend xəbər verir
ki, səfər çərçivəsində Leyla Əliyeva Qusar rayonunun Hil kəndində
yaşayan Rəmixanovlar ailəsinin qonağı olub və “Kənd Həyatı”
(Country Life Vlog) layihəsinin yeni buraxılışının çəkilişində
iştirak edib.
Çəkilişlər zamanı Leyla Əliyeva bölgəyə məxsus məşhur milli
yeməklərdən biri olan skanın hazırlanması prosesində ailə üzvləri
ilə birlikdə iştirak edib. O, ölkəmizin şimal bölgəsinə xas olan
kənd həyat tərzi və milli mətbəx ənənələri ilə yaxından tanış
olub.
Leyla Əliyeva Azərbaycanın zəngin kulinariya mədəniyyətinin
təbliğində, ölkəmizin dünyanın müxtəlif ölkələrində tanıdılması və
sevilməsi istiqamətində gördükləri işlərə görə Rəmixanovlar
ailəsinə təşəkkürünü bildirib, onların bu əhəmiyyətli layihəsinə
uğurlar arzulayıb.
Qeyd edək ki, “Kənd Həyatı” “YouTube” kanalı 8 milyondan çox
izləyiciyə və 3 milyarda yaxın baxış sayına malikdir. Milli mətbəx
nümunələrini və kənd həyatını əks etdirən paylaşımları ilə geniş
populyarlıq qazanan Rəmixanovlar ailəsinin videoları təkcə
Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində geniş izləyici
auditoriyası tərəfindən maraqla qarşılanır.
Buraxılışı aşağıdakı keçid vasitəsilə izləyə bilərsiniz:
https://youtu.be/ixT64–c_d0

