Venesuela nümunəsi və beynəlxalq münasibətlərdə güc amilinin dominantlığı – ŞƏRH

Baş səhifə

Bakı. Trend:

Venesuelada baş verən son hadisələr bir daha göstərir ki, müasir
beynəlxalq münasibətlər sistemində həlledici rol hüquq normalarına
deyil, güc amilinə məxsusdur. Bu proseslər beynəlxalq hüququn
selektiv şəkildə tətbiq edildiyini, böyük dövlətlərin isə
maraqlarına uyğun olaraq bu normaları ya tanıdığını, ya da
görməzdən gəldiyini açıq şəkildə nümayiş etdirir.

Bunu Trend
açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Venesuela
parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Mehriban
Vəliyeva deyib.

Millət vəkili xatırladıb ki, Prezident İlham Əliyev hələ 2021-ci
ilin iyununda bu reallığı dəqiq ifadə edib:

“Prezident İlham Əliyevin vurğuladığı kimi, bu gün dünyada
“güclü olan haqlıdır” prinsipi faktiki olaraq əsas meyara çevrilib
və məhz bu səbəbdən hər bir dövlət iqtisadi, siyasi və hərbi
baxımdan güclü olmalıdır.

Venesuela ətrafında baş verənlər də bu tezisin praktik
təsdiqidir. Ölkənin daxili siyasi proseslərinə xarici müdaxilələr,
birtərəfli sanksiyalar, legitimlik anlayışının siyasi maraqlara
uyğun şəkildə dəyişdirilməsi beynəlxalq hüququn deyil, güc
balansının işlədiyini göstərir.

Maraqlıdır ki, bu məsələdə bəzi Avropa ölkələrinin mövqeyi açıq
riyakarlıq nümunəsidir. Adətən “demokratiya”, “xalq iradəsi” və
“suverenlik” şüarlarını önə çəkən bu dövlətlər Venesuela
məsələsində fərqli, ziddiyyətli mövqe sərgiləyirlər”.

Deputat bildirib ki, sözügedən ikili yanaşmanın əsas
səbəblərindən biri ABŞ faktorudur:

“Xüsusilə Donald Tramp administrasiyası dövründə Vaşinqtonun
sərt və təzyiqə əsaslanan xarici siyasəti Avropa paytaxtlarını
ehtiyatlı davranmağa məcbur edib. ABŞ-nin açıq siyasi mövqeyi
fonunda Avropa dövlətləri Venesuela hadisələrinə prinsipial deyil,
daha çox konjonktural və qoruyucu yanaşma nümayiş etdirirlər. Bu
isə beynəlxalq münasibətlərdə müstəqil qərarvermə imkanlarının
məhdudluğunu ortaya qoyur”.

M.Vəliyeva əlavə edib ki, Prezident İlham Əliyev Yeni il
müraciətində də güc faktoruna toxunaraq müasir dünyanın real
mənzərəsini bir daha diqqətə çatdırmışdı.

“Dövlət başçısının yanaşması ondan ibarətdir ki, yalnız güclü
dövlət öz maraqlarını qoruya, beynəlxalq təzyiqlərə davam gətirə və
ədalətsiz yanaşmaların qarşısında dayana bilər. Azərbaycan bu
baxımdan son illərdə məhz gücə əsaslanan, lakin hüquqa söykənən
müstəqil siyasət modeli formalaşdırıb.

Venesuela nümunəsi göstərir ki, beynəlxalq hüquqa kor-koranə
ümid bağlamaq sadəlövhlük olar. Real siyasət güc, iradə və milli
maraqların qorunması üzərində qurulur. Müasir dünyada suverenliyini
qorumaq istəyən hər bir ölkə, ilk növbədə, öz gücünə
arxalanmalıdır. Azərbaycan rəhbərliyinin illər əvvəl səsləndirdiyi
bu prinsip bu gün qlobal miqyasda baş verən proseslər fonunda daha
da aktual görünür”, – deyə o qeyd edib.

Milli Məclisin deputatı, Azərbaycan-Venesuela parlamentlərarası
əlaqələr üzrə işçi qrupunun üzvü Naqif Həmzəyev isə Trend-ə açıqlamasında
deyib ki, Azərbaycan uzun illər beynəlxalq hüququn ikili
standartlarından əziyyət çəkib və beynəlxalq hüquq Azərbaycan
məsələsinə gəldikdə faktiki olaraq işləməyib:

“Uzun illər Azərbaycan torpaqları işğal altında qalıb, dövlət
hesabına bir milyon məcburi köçkünümüzün sosial ehtiyacları
qarşılanıb. Beynəlxalq güclər, təşkilatlar heç bir humanitar yardım
göstərməyiblər, Ermənistana qarşı heç bir təzyiq mexanizmindən
istifadə etməyiblər. BMT-nin 4 qətnaməsi olsa da, bu, faktiki
olaraq unudulub. Azərbaycan öz gücü hesabına ərazi bütövlüyün və
suverenliyini bərpa edib. Biz gücün sayəsində hüquqlarımızı bərpa
edə bilmişik”.

Millət vəkili vurğulayıb ki, Azərbaycan güclü olmayacağı
təqdirdə, hər zaman buna bənzər problemlərlə qarşılaşa bilərdi:

“Uzun illər bu təcrübəni yaşadıq, gördük, öyrəndik. Məhz
Prezident İlham Əliyev də öz çıxışlarında dəfələrlə qeyd edib ki,
biz nəyin bahasına olursa olsun, hər zaman güclü olmalıyıq.
Azərbaycan ordusu Vətən müharibəsi zamanı da çox güclü idi. Ötən
dövr ərzində də qat-qat gücünə güc qatıb. Biz inanırıq ki, güclü
olacağımız təqdirdə, özümüz öz hüquqlarımızı müdafiə edə biləcəyik.
Bizim beynəlxalq tərəfdaşlarımızın sayı artıb, bizə olan maraq daha
da güclənib. Nəticə etibarilə Azərbaycan böyük layihələri uğurla
icra edə bilir. Bir sözlə, Azərbaycan, onun ordusu hər zaman güclü
olmalıdır. Zəfərimizin 5 illiyi münasibətilə keçirilən hərbi
paradda da gördük ki, Azərbaycan ordusunun inventarına müasir
silahlar daxil edilib. Azərbaycan ordusu yeni stildə
formalaşdırılır, komando hərbi birləşmələri yaradılır, bütün
sərhədboyu silahlı birləşmələr öz mövqelərini gücləndiriblər”.

Deputatın sözlərinə görə, bir daha heç bir dövlət cəsarət edib
Azərbaycanla güc dili ilə danışmayacaq.

“Azərbaycan isə əldə etdiyi bu gücü, imkanları sülhə çevirir.
Artıq il yarımdan çoxdur ki, sərhəddə sakitlikdir. Vaşinqton
görüşündən sonra Azərbaycan və Ermənistan arasında sülhün əldə
edilməsi üçün real şanslar yaranıb. Biz inanırıq ki, Ermənistan və
onun havadarları bu şansı düzgün dəyərləndirəcəklər. Ermənistan
öhdəlikləri yerinə yetirəcəyi təqdirdə, biz 2026-cı ilin sülh ili
kimi tarixə keçəcəyinə şahidlik edə biləcəyik”, – deyə N.Həmzəyev
fikrini yekunlaşdırıb.