
Bakı. Trend:
Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin “Yaşıl
Enerji Zonası” kimi inkişafına dair siyasətinə uyğun olaraq,
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa olunan enerji
potensialından istifadənin genişləndirilməsi ilə yanaşı, enerji
səmərəliliyini təmin edən müasir texnologiyaların tətbiqi də
ardıcıl şəkildə həyata keçirilir.
Trend xəbər
verir ki, bu barədə Energetika Nazirliyinin məlumatında qeyd
olunub.
Bildirilib ki, bu çərçivədə ənənəvi işıqlandırma sistemləri ilə
müqayisədə az enerji sərfiyyatı, uzun istismar müddəti və aşağı
texniki xidmət xərcləri ilə seçilən LED texnologiyaları “yaşıl
enerji zona”larının dayanıqlı inkişafını təmin edən əsas amillərdən
biridir. Müasir şəhərsalma və yaşayış məntəqələrinin
infrastrukturunun tərkib hissəsi kimi LED əsaslı və günəş enerjisi
ilə çalışan hibrid işıqlandırma sistemləri hazırda azad edilmiş
ərazilərdə geniş şəkildə tətbiq olunur. İndiyədək bu ərazilərdə
7000-dən artıq LED əsaslı işıqlandırma qurğusu quraşdırılıb.
Bunların təqribən 40 faizi, yəni 3 000 ədədi günəş enerjisi ilə
işləyən hibrid sistemlərdir. Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan,
Şuşa, Xocalı, Laçın, Ağdərə və digər şəhər və rayonlarda yeni
salınan küçə və avtomobil yollarının işıqlandırılmasında əsasən LED
texnologiyalarından istifadə edilir. Bir sıra yaşayış
məntəqələrində isə monokristal günəş panelləri ilə təchiz edilmiş,
avtonom rejimdə çalışan işıq dirəkləri quraşdırılıb ki, bu da
mərkəzləşdirilmiş elektrik şəbəkəsindən asılılığın minimuma
endirilməsinə imkan yaradır. Bərpa və yenidənqurma işlərinin
mərhələli şəkildə davam etdirilməsi fonunda, bu göstəricilərin
növbəti illərdə daha da artacağı gözlənilir.
Qeyd edək ki, beynəlxalq təcrübəyə əsasən, yaşayış
məntəqələrində küçə işıqlandırması ümumi elektrik enerjisi
istehlakının təxminən 2-5 faizini təşkil edir. Son illərdə bir sıra
ölkələrdə LED və günəş enerjisi əsaslı sistemlərə keçid nəticəsində
bu göstərici 2 dəfə azalmışdır.


