
Bakı. Trend:
Həcm və coğrafiya baxımından bizim qaz ixracımız artır. Biz
indiyədək 11-i müntəzəm əsasda olmaqla, 14 ölkəni qazla təchiz
etmişik.
Trend xəbər verir ki, bu
fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli
televiziya kanallarına müsahibəsində deyib.
“Elə ölkələr var ki, onlar 2024-cü ildə bizdən qaz əldə edib,
lakin sonra başqa mənbələrlə əlaqədar dayandırıb. Bu, bir növ
tələbata əsaslanır, onların ehtiyacı olanda biz təchizata
başlayırıq, ehtiyacı olmayanda dayandırırıq. Lakin ümumilikdə
Azərbaycanın boru kəməri vasitəsilə qaz nəqlinin coğrafi əhatə
dairəsi 14 ölkədən ibarətdir. Bu il onlara daha iki Avropa ölkəsi
əlavə olunacaq. Ümumilikdə 16 ölkə olacaq, bu, boru kəməri qazı ilə
bağlı ən böyük rəqəmdir. Dünyada heç bir ölkə Azərbaycan kimi bu
qədər ölkəni boru kəməri vasitəsilə qazla təchiz etmir. Ötən il
bizim ixracımız artım potensialına malik olmaqla, 25 milyard
kubmetrdən çox olub”, – deyə dövlətimizin başçısı bildirib.


