Masazırda 2 kilometrlik avtomobil yolunda əsaslı təmir işləri aparılır (FOTO)

Baş səhifə

Bakı.Trend:

Xırdalan–Masazır–Novxanı avtomobil yolundan ayrılaraq Zəngilan
qaçqın və məcburi köçkünlərinin məskunlaşdığı şəhərciyə gedən
avtomobil yolunda əsaslı təmir işlərinə start verilib.

Trend xəbər
verir ki, bu barədə AAYDA məlumat yayıb.

Bildirilib ki, iki hərəkət zolaqlı avtomobil yolunun uzunluğu 2
kilometr, eni isə 9 metrdir. Sözügedən yol uzun müddət əsaslı təmir
olunmadan istismar edildiyindən hərəkət hissəsində deformasiyalar
yaranmış, qabarmalar və çalalar əmələ gəlmişdir. Bu isə
avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinə maneə
törədirdi. Aparılan əsaslı təmir işləri nəticəsində mövcud
problemlər aradan qaldırılır.




Təmir işləri zamanı yol boyu zəruri sahələrdə yararsız qrunt
qazılaraq çıxarılır, əks-dolğu işləri aparılmaqla yeni yol əsası
inşa edilir. Eyni zamanda yararsız asfalt-beton örtüyü frezlənərək
kənara daşınır. Bundan başqa, vətəndaşların rahat hərəkətinin təmin
edilməsi məqsədilə yol boyunca mövcud piyada səkisi də bərpa
olunur.

Aparılan əsaslı təmir işləri yekunlaşdıqdan sonra yolun
istismara tam yararlı vəziyyətə gətirilməsi, nəqliyyat
vasitələrinin və piyadaların rahat, təhlükəsiz və fasiləsiz
hərəkətinin təmin edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, sözügedən avtomobil yolu Agentliyin balansında
olmasa da, vətəndaşların müraciətləri və mövcud vəziyyət nəzərə
alınaraq yolun əsaslı təmiri həyata keçirilir.