Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Maskatda Oman Milli Muzeyində və Mutrah bazarında olub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Oman
Sultanlığının paytaxtı Maskat şəhərində Oman Milli Muzeyində və
Mutrah bazarında olub.

Trend xəbər
verir ki, Leyla Əliyeva əvvəlcə Oman Milli Muzeyini ziyarət
edib.

Heydər Əliyev Fondunun vitse-prezidenti burada müxtəlif guşələri
gəzib, nümayiş etdirilən eksponatlarla tanış olub, onların tarixi
haqqında ətraflı məlumat alıb.

Bu Muzey Omanın tarixi və mədəni irsini əks etdirən əsas
mərkəzlərdən biridir.

Rəsmi olaraq 2016-cı ildə fəaliyyətə başlayan muzeydə
arxeologiya, dənizçilik, silahşünaslıq, etnoqrafiya, İslam
mədəniyyəti və s. üzrə zəngin kolleksiyalar nümayiş etdirilir.
Burada hər biri Omanın mədəni irsinin fərqli aspektlərini əhatə
edən 14 daimi qalereya mövcuddur, həmçinin müvəqqəti sərgilər üçün
əlavə sahələr ayrılıb.

7000-dən çox əşyanın qorunub saxlanıldığı muzeydə rəqəmsal
immersiv təcrübə qurğuları, kinoteatr və uşaqlar üçün kəşf sahələri
var. Yaxın Şərqdə görmə qabiliyyəti zəif olanlar üçün ərəb Brayl
əlifbası ilk dəfə burada tətbiq edilib.

Memarlıq həlli milli ənənələrlə müasir üslubun vəhdətini əks
etdirən Oman Milli Muzeyi həm yerli əhali, həm də xarici turistlər
üçün mühüm maarifləndirici platforma rolunu oynayır.




Muzeylə tanışlıqdan sonra Leyla Əliyevaya hədiyyə təqdim olunub,
xatirə şəkli çəkdirilib.

X X X

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sonra
Mutrah bazarında olub, burada satılan əşyalara baxıb, satıcılarla
səmimi söhbət edib.

Qeyd edək ki, bu, ərəb dünyasının ən qədim və məşhur
bazarlarından biridir. Tarixi bir neçə yüz il əvvələ gedib çıxan bu
bazar Hindistan, Çin, Avropa və Yaxın Şərq ölkələrindən Maskat
limanına gələn mallar üçün ticarət mərkəzi olub.

Mutrah bazarı dar, üstüörtülü küçələri və ərəb memarlığı ilə
seçilir.

Bazarda ənənəvi tekstil, geyim, zərgərlik məmulatları,
suvenirlər, ədviyyatlar, buxur, o cümlədən Omani buxuru, ətirlər,
əl işləri ilə yanaşı, meyvə, tərəvəz, müalicəvi otlar və digər
yerli məhsullar satılır.