Martda 13 qeyri-iş günü olacaq

Baş səhifə

Bakı. Trend:

2026-cı ilin martında Azərbaycanda rəsmi bayramlar və istirahət
günləri ilə əlaqədar 13 qeyri-iş günü nəzərdə tutulur.

Trend-in
məlumatına görə, martın 8-i Beynəlxalq Qadınlar Günü bazar gününə
təsadüf etdiyindən 9 mart da qeyri-iş günü hesab olunacaq.

Bundan əlavə, Novruz bayramı və Ramazan bayramı ilə əlaqədar
mart ayında uzunmüddətli istirahət günləri olacaq.

Əmək Məcəlləsinin tələblərinə əsasən, bayram günlərinin şənbə və
bazar günlərinə təsadüf etməsi ilə əlaqədar əlavə istirahət günləri
də müəyyən edilib.

Belə ki, 20, 21, 22, 23 və 24 mart Novruz bayramı günləri kimi
qeyri-iş günü hesab olunur. 21 və 22 mart tarixləri müvafiq olaraq
şənbə və bazar gününə təsadüf etdiyindən 25 və 26 mart tarixləri də
qeyri-iş günü hesab olunacaq.




Ramazan bayramının 20 və 21 mart tarixlərində Novruz günləri ilə
üst-üstə düşməsi nəticəsində 27 və 30 mart tarixləri də qeyri-iş
günü sayılacaq.

28 və 29 mart tarixləri də müvafiq olaraq həftənin şənbə və
bazar gününə təsadüf edəcək.

Nəticədə 25, 26, 27 və 30 mart tarixləri də qeyri-iş günü
olacaq.

Beləliklə, 20 martdan 30 martadək (hər iki gün daxil olmaqla)
ölkədə ardıcıl 11 gün qeyri-iş günü olacaq.

Ümumilikdə isə 2026-cı ilin martında 13 qeyri-iş günü qeydə
alınacaq.