Türkiyədə mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyat – 29 nəfər saxlanılıb

Baş səhifə

Bakı. Trend:

Türkiyənin mərkəzi Tekirdağ olmaqla 10 vilayətində dələduzluqla
məşğul olan mütəşəkkil cinayətkar qrupa qarşı genişmiqyaslı
əməliyyatlar keçirilib.

Trend xəbər verir
ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya öz rəsmi
“X” səhifəsində məlumat paylaşıb.

Məlumata görə, əməliyyatın gedişində 29 nəfər şübhəli şəxs
qismində saxlanılıb, onlardan 25-i barəsində həbs qətimkan tədbiri
seçilib.




Türkiyənin Respublika Baş Prokurorluqları və Polis Baş
İdarəsinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin
əlaqələndirilməsi ilə, Tekirdağ vilayətinin Polis İdarəsinin
Kibercinayətkarlıqla Mübarizə Şöbəsi tərəfindən aparılan
araşdırmalar nəticəsində müəyyən edilib ki, həmin dəstə internet
üzərindən “avtomobil ehtiyat hissələrinin satışı” vədi ilə 500-dən
artıq vətəndaşı təxminən 250 milyon TL məbləğində aldadaraq
qanunsuz gəlir əldə edib.

“Vətəndaşlarımızı aldadan cinayət şəbəkələrinə və qanunsuz
strukturlara qarşı mübarizəmizi fasiləsiz şəkildə davam etdiririk”,
-deyə Yerlikaya bildirib.