
Bakı. Trend:
Venesuela Ali Məhkəməsi ölkənin icraçı vitse-prezidenti Delsi
Rodriqesin dövlət başçısının səlahiyyətlərini müvəqqəti olaraq icra
etməsi barədə qərar qəbul edib.
Trend xəbər verir
ki, bu barədə Venesuela Ali Məhkəməsinin hakimi Tania D’Amelio
“Venezolana de Televisión” televiziya kanalında çıxışı zamanı
bildirib.
Onun sözlərinə görə, Ali Məhkəmə Respublikanın icraçı
vitse-prezidenti Delsi Rodriqesin Venesuela Konstitusiyası və
qanunlarına ciddi şəkildə uyğun olaraq dərhal Respublika Prezidenti
vəzifələrinin icrasına başlaması barədə göstəriş verib.
D’Amelio qeyd edib ki, bu qərar Ali Məhkəmənin Konstitusiya
Palatası tərəfindən 3 yanvar 2026-cı ildə baş vermiş xarici hərbi
təcavüz və Venesuelanın konstitusiya prezidenti Nikolas Maduronun
qaçırılması ilə əlaqədar qəbul olunub.
O izah edib ki, məhkəmənin verdiyi qanunvericilik şərhi
prezidentin məcburi yoxluğu şəraitində dövlətin inzibati
davamlılığının və ölkənin müdafiəsinin təmin edilməsi məqsədi
daşıyır.
Hakim həmçinin vurğulayıb ki, ABŞ tərəfindən Nikolas Maduronun
qaçırılması nəticəsində yaranmış müstəsna vəziyyət onun prezident
səlahiyyətlərini icra etməsini maddi və müvəqqəti olaraq
qeyri-mümkün edib.


