
Bakı. Trend:
“Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və
bu barədə məlumatların təqdim olunması Qaydaları”nda dəyişiklik
edilib.
Trend-in
məlumatına görə, Baş nazir Əli Əsədovun bununla bağlı müvafiq
Qərarı 2026-cı il yanvarın 1-dən qüvvəyə minib.
Qərara əsasən, hərbi və xüsusi rütbəli şəxslərin təqvimi
xidmət müddətinə aşağıdakı dövrlər aid ediləcək:
- Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və hərbi xidmət
nəzərdə tutulmuş digər dövlət orqanlarında həqiqi hərbi xidmətə
başladıqları gündən həqiqi hərbi xidmətin son gününədək olan
dövr; - Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin
xidmətində hərbi xidmətə (xüsusi növ dövlət qulluğu vəzifəsinə)
təyin olunma günündən hərbi xidmətin (xüsusi növ dövlət qulluğu
vəzifəsində xidmətin) son gününədək olan dövr; - Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində,
Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan
Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan
Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Xidmətində, Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidmətində,
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya
Təhlükəsizliyi Dövlət Xidmətində və Azərbaycan Respublikasının
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində həqiqi hərbi
xidmətə başladıqları gündən həqiqi hərbi xidmətin son gününədək
olan dövr; - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun hərbi
qulluqçularının müvafiq vəzifəyə təyin olunduqları gündən həqiqi
hərbi xidmətdə olmanın son gününədək olan dövr; - daxili işlər, fövqəladə hallar, ədliyyə, gömrük orqanlarının və
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət
Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş
İdarəsinin rəis və sıravi heyətinə mənsub şəxslər və miqrasiya
orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə qulluq
keçən şəxslər həmin vəzifələrə təyin edildikləri gündən qulluq
(xidmət) keçmələrinə xitam verilən günədək olan dövr; - həqiqi hərbi xidmətdə, daxili işlər, fövqəladə hallar və
ədliyyə orqanlarının kadrları tərkibində qalmaqla hərbi və xüsusi
rütbə nəzərdə tutulmayan digər dövlət orqanlarında, müəssisə və
təşkilatlarda işə başladıqları gündən son günədək olan dövr; - hərbi və xüsusi rütbəli şəxslərin qanunsuz tutulma, həbsdə olma
və cəzaçəkmə müddətləri, eləcə də qeyri-qanuni olaraq xidmətdən
(qulluqdan) buraxılması (kənarlaşdırılması) ilə əlaqədar işləmədiyi
(xidmət etmədiyi) müddət; - döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövründə,
habelə Əfqanıstanda əsgəri borcunu yerinə yetirərkən əsirlikdə,
mühasirədə olma müddəti və hərbi qulluqçu əsirlikdə olarkən, habelə
bitərəf ölkələrdə tərksilah edilib nəzarət altında saxlandıqları
dövrdə hərbi andı pozmamış və Azərbaycan Respublikasının
qanunvericiliyində nəzərdə tutulan cinayətləri törətməmişdirsə,
həmin dövrlər; - hərbi və xüsusi rütbəli şəxslərə pensiya təyin olunduqdan sonra
yenidən hərbi xidmətə qəbul edilmiş və xidmətdən buraxılmış əmək
pensiyaçılarının həmin orqanlarda xidmət müddəti; - ədliyyə orqanlarının penitensiar və tibb xidmətlərinin
əməkdaşlarına pensiya təyin edildikdə, penitensiar müəssisələrdə və
azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə
müəssisələrində mülki işçi qismində işlədikləri müddət; - ədliyyə və miqrasiya orqanlarına qulluğa qəbul edilmiş
şəxslərin hüquq-mühafizə orqanlarının fəaliyyətinin
əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminat ilə bağlı
vəzifələrdə işlədikləri müddət; - yüksəkixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və
əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuş
hərbi qulluqçuların hərbi xidmətə qəbul olunana qədərki əmək
stajının “Yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək
kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə
qəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə qəbul olunana
qədərki əmək stajının pensiya təyin edilməsi və xidmət illərinə
görə əlavə faizin ödənilməsi üçün onların xidmət illərinə
hesablanması Qaydası”na uyğun olaraq hesablanmaqla müəyyən edilən
dövr; - Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət
Feldyeger Xidməti Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə
Xidmətinin tabeliyinə verilənədək onun əməkdaşlarının malik
olduqları xidmət dövrü; - zabit heyətinə və xüsusi rütbəli şəxslərə (daxili işlər,
fövqəladə hallar və ədliyyə orqanlarında kiçik rəis heyəti və
gömrük orqanlarında kiçik heyət istisna olmaqla) əmək pensiyası
təyin edilərkən beş ilədək müddət daxilində təhsilin bir ili altı
ay sayılmaqla (ən çoxu iki il altı ay hesablanmaqla) hərbi və
xüsusi rütbə nəzərdə tutulan vəzifələrə qəbul edilməzdən əvvəl
mülki ali (qiyabi və axşam təhsilalma formalarında təhsil dövrü
daxil olmaqla), habelə hərbi hazırlıq silsilə və bölmələri olan
orta ixtisas təhsil müəssisələrində təhsil dövrü.
Qeyd: Həmin şəxslər bilavasitə mülki ali təhsil və xüsusi hərbi
ixtisaslar üzrə vətəndaşların hazırlığını keçirən təhsil
müəssisələrində təhsilini başa vurmadan xüsusi təyinatlı ali təhsil
müəssisələrinə təhsilin davamı üçün qəbul edilmişlərsə, qeyd olunan
təhsil müəssisələrindəki təhsil müddəti eyni şərtlərlə xidmət
müddətinə daxil ediləcək.
- ali kateqoriya dövlət orqanlarından işdən çıxan və sonradan
daxili işlər orqanlarında xidmətlərini davam etdirən əməkdaşlar
üçün həmin orqanlarda işlədiyi dövr.
Həmçinin, hərbi və xüsusi rütbəli şəxslərə güzəştli
şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün aşağıdakı
dövrlər xidmət müddətinə güzəştli şərtlərlə aid ediləcək:
Xidmətin bir ayı iki ay sayılmaqla:
- döyüş şəraitində döyüş əməliyyatlarında alınan xəsarət
(yaralanma, travma, kontuziya) və ya xəstəlik nəticəsində müalicə
müəssisələrində fasiləsiz olma müddəti; - respublikanın yüksək dağ yerlərində dəniz səviyyəsindən 2500
metr və daha çox hündürlükdə xidmət müddəti; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Azərbaycan
Respublikası Dövlət Sərhəd Xidmətinin müəyyən etdiyi şərtlərlə
reaktiv, turbovintli və turbovallı aviasiyada uçuş işində xidmət
müddəti; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyinin, habelə Azərbaycan
Respublikası Dövlət Sərhəd Xidmətinin müəyyənləşdirdiyi şərtlərlə
su altında və barokameralarda yüksək təzyiq şəraitində qalmaqla iş
aparan dalğıc vəzifələrində xidmət müddəti.
Xidmətin bir ayı ayyarım sayılmaqla:
- müvafiq dövlət orqanlarının və qurumlarının rəhbərlərinin
təqdimatı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq
etdiyi vəzifə siyahısı üzrə hərbi qulluqçuların ayrı-ayrı
kateqoriyalarının, daxili işlər və ədliyyə orqanlarının xüsusi və
ya hərbi rütbəli şəxslərinin xidmət dövrü; - Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi
siyahı üzrə iqlim şəraiti xüsusilə ağır olan yerlərdə xidmət
dövrü; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası
Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi
Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin,
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və Azərbaycan
Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin
müəyyən etdiyi vəzifə siyahısı və şərtlər üzrə həmin orqanların
(qurumların) xüsusi təyinatlı dəstələrində və digər hərbi
birləşmələrində (struktur bölmələrində) xidmət müddəti; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Azərbaycan
Respublikası Dövlət Sərhəd Xidmətinin müəyyən etdiyi şərtlərlə:
– paraşütlə tullanma ilə bağlı bütün növ vəzifələrdə xidmət
müddəti;
– sualtı qayıqlarda (qurğularda, aparatlarda) onların sırada olduğu
dövrdə, minatutan gəmilərdə döyüş minalarını tutma dövründə xidmət
müddəti;
– porşen mühərrikli təyyarələrdə və helikopterlərdə uçuş işində
xidmət müddəti; - sırada olan, bilavasitə Azərbaycan Respublikasının dövlət
sərhədlərinin mühafizəsini, müdafiəsini və toxunulmazlığını həyata
keçirən sərhəd gəmilərində və katerlərində xidmət müddəti; - sərhəd mühafizə orqanlarının Azərbaycan Respublikasının dövlət
sərhədinin bilavasitə mühafizəsini və müdafiəsini həyata keçirən
əsas bölmələrində (sərhəd zastavası, sərhəd komendantlığı, sərhəd
nəzarəti bölməsi (məntəqəsi), sərhəd gəmisi (kateri), radiotexniki
post, sahil nəzarəti bölməsi (məntəqəsi), sərhəd hava gəmisi) və
dövlət sərhədində onlara bərabər tutulan bölmələrdə (sərhəd döyüş
məntəqələrində, texniki nəzarət postlarında, nəzarət
radiostansiyalarında) xidmət müddəti; - bütün ad və ixtisaslardan olan dalğıc vəzifələrində xidmət
müddəti; - respublikanın yüksək dağ yerlərində dəniz səviyyəsindən 1000
metrdən 2500 metrədək hündürlükdə xidmət müddəti; - cəmiyyətə zidd kütləvi təzahürlərlə bağlı tətbiq edilən
fövqəladə vəziyyət zamanı ictimai asayişi və dövlət
təhlükəsizliyini qoruma vəzifələrinin yerinə yetirildiyi
müddət.
Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir
xidmət günü iki xidmət günü (1992-ci il yanvarın 1-dən 2004-cü il
sentyabrın 13-dək olan dövrlər, habelə həmin dövrlərdə alınan
yaralar, kontuziyalar və ya xəstəliklər nəticəsində müalicə
müəssisələrində olma müddəti bir xidmət günü üç xidmət günü) kimi
hesablanacaq. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak
edənlərin bir xidmət gününün iki xidmət günü kimi hesablanması
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan
Respublikası Dövlət Sərhəd Xidmətinin qərarı əsasında həyata
keçiriləcək və qəbul olunmuş qərar barədə aidiyyəti orqanlar
məlumatlandırılacaqlar. Bu halda həmin qərarda döyüş şəraitinin
davam etdiyi müddət göstərilməlidir.
Bilavasitə cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında
və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə
müəssisələrində xidmət edən (işləyən) əməkdaşların xidmət müddəti 3
iş günü 4 iş günü kimi, yoluxucu xəstəliyi olan məhkumların
saxlanması və müalicəsi üçün nəzərdə tutulmuş müalicə
müəssisələrində və cəzaçəkmə müəssisələrində (cəzaçəkmə
müəssisələrinin şöbələrində) xidmət edən (işləyən) əməkdaşların
xidmət müddəti isə 2 iş günü 3 iş günü kimi hesablanacaq.
Terrorçuluğa qarşı mübarizəni bilavasitə həyata keçirən
bölmələrdə xidmət müddəti 1 xidmət günü 2 xidmət günü kimi, terror
əleyhinə aparılan əməliyyatlarda iştirak müddəti isə 1 xidmət günü
3 xidmət günü kimi hesablanacaq.
Bu Qaydalarda nəzərdə tutulmayan hallarda xidmət dövrləri
ayrı-ayrı hüquqi aktlar əsasında güzəştli şərtlərlə
müəyyənləşdiriləcək.
Qeyd: Güzəştli şərtlər müəyyən edilmiş vəzifələrdə (ərazilərdə)
xidmət müddətinin güzəştli qaydada sayılması müvafiq əmrlərə əsasən
həyata keçiriləcək. Güzəşt müəyyən edilmiş vəzifələrin müvəqqəti
icrasına buraxılmış hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərə
bu vəzifələrin icrası ilə bağlı güzəştlər icra etdikləri vəzifədə
xidmət şərtlərinə uyğun hesablanacaq.


