GCSP: Avropa İttifaqı TRIPP layihəsini Bakı-Tbilisi-Ceyhan neft kəməri modeli üzrə dəstəkləyə bilər

Baş səhifə

TRIPP-in (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) səmərəliliyinin və rəqabət qabiliyyətinin artırılmasında rəqəmsal transformasiya əsas rol oynayır.

“Report” xəbər verir ki, bu barədə Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzinin (GCSP) məqaləsində qeyd olunub.

Bildirilib ki, Avropa Dəmir Yolu Hərəkətinin İdarəetmə Sistemi (ERTMS) üzrə təcrübəsinə əsaslanaraq, Brüssel Ermənistan və Azərbaycanın rəsmi müraciəti əsasında rəqəmsal gömrük və tranzit platformalarının hazırlanması və tətbiqinə dəstək göstərə bilər. Söhbət məlumatların fasiləsiz elektron mübadiləsini, kağızsız sənəd dövriyyəsini və yüklərin real vaxt rejimində izlənilməsini təmin edən sistemlərdən gedir.

Müəllifin fikrincə, standartlaşdırılmış gömrük kodlarının, elektron plomb sistemlərinin və radiotezlik identifikasiyası (RFID) daxil olmaqla intellektual logistika texnologiyalarının tətbiqinə dəstək TRIPP-in əməliyyat sistemlərini TRACECA (Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) və Avropa rəqəmsal standartlarına uyğunlaşdırmağa imkan verər. Bundan əlavə, Ermənistan və Azərbaycanın rəsmi müraciəti şərti ilə Aİ-nin inteqrə olunmuş sərhəd idarəçiliyi üzrə potensialın artırılması proqramları gömrük və sərhəd xidmətlərinin peşəkar səviyyəsini yüksəldə, gecikmələri azalda və marşrut boyunca hüquqi və prosedur uyğunlaşmanı gücləndirə bilər.

Məqalədə qeyd olunur ki, paralel olaraq Aİ Azərbaycan, Ermənistan, Türkiyə və Gürcüstan arasında texniki koordinasiya platformasının yaradılmasının maliyyələşdirilməsində iştirak edə bilər. Platformanın Aİ və ABŞ-ın həmsədrliyi ilə fəaliyyət göstərməsi də mümkün sayılır. “Belə bir platforma tənzimləmələrin uyğunlaşdırılmasına, texniki standartların sinxronlaşdırılmasına və məlumat mübadiləsinin sadələşdirilməsinə töhfə verə bilər. Transmilli dəhlizlərin idarə olunması üzrə təcrübəsindən istifadə edərək Aİ real vaxt rejimində məlumat mübadiləsi sistemlərinin, rəqəmsal monitorinq panellərinin və yük axınlarının izlənməsi alətlərinin yaradılmasına dəstək göstərə, dar boğazların müəyyənləşdirilməsinə və infrastrukturun texniki xidmətinin əlaqələndirilməsinə kömək edə bilər”, – deyə müəllif vurğulayır.

Eyni zamanda Aİ iştirakçı dövlətlərə beynəlxalq nəqliyyat konvensiyalarına və Avropa praktikasına uyğun olaraq hökumətlərarası tranzit sazişlərinin hazırlanması və yenilənməsi prosesində hüquqi məsləhət dəstəyi göstərə bilər. Bundan əlavə, məlumatlara əsaslanan qərarların qəbulunu dəstəkləmək üçün qonşu ölkələrdən olan ekspertlərin iştirakı ilə birgə tədqiqat platformasının və ya akademik konsorsiumun yaradılması təklif olunur.

Məqalədə ayrıca mina çirklənməsi probleminə diqqət yetirilir. Bildirilir ki, bu amil bərpa və inkişaf üçün ən ciddi maneələrdən biri olaraq qalır, kənd təsərrüfatı torpaqlarına çıxışı məhdudlaşdırır, tikinti işlərini gecikdirir və Ermənistanla Azərbaycan arasında ticarət marşrutlarını pozur. Bu baxımdan müəllif mina təmizləmə proqramlarının maliyyələşdirilməsinin genişləndirilməsini, o cümlədən mina aşkarlayan dronların, xüsusi texnikanın və avadanlıqların təmin edilməsini, xəritələşdirmə və məlumatların idarə olunması sistemlərinin inkişafını, yerli komandaların hazırlanması və sertifikatlaşdırılmasını təklif edir. Davamlı dəstək mexanizmi kimi “Team Europe” təşəbbüsü çərçivəsində çoxillik maliyyələşdirmə çərçivəsinin yaradılması tövsiyə olunur.

Müəllifin fikrincə, Aİ TRIPP layihəsinə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin həyata keçirilməsində tətbiq edilən strateji baxışla yanaşmalıdır: “1990-cı illərdə Azərbaycanın məhdud maliyyə imkanlarına baxmayaraq, Aİ, ABŞ və beynəlxalq şirkətlərin siyasi dəstəyi və investisiyaları bu layihəni mümkün etdi, ölkənin müstəqilliyini möhkəmləndirdi və Azərbaycan, Gürcüstan və Türkiyə arasında regional əməkdaşlığı gücləndirdi”.

GCSP hesab edir ki, eyni yanaşma bu gün TRIPP üçün də zəruridir. Müəllif hesab edir ki, Aİ və ABŞ tərəfindən davamlı siyasi, texniki və iqtisadi dəstək ticarət və nəqliyyat marşrutlarının şaxələndirilməsinə, regional qarşılıqlı əlaqənin güclənməsinə və Cənubi Qafqazda və Xəzər regionunda gələcək strateji infrastruktur layihələri üçün zəminin formalaşmasına töhfə verə bilər. Bununla yanaşı vurğulanır ki, Aİ-nin rolu ABŞ, Azərbaycan və Ermənistanın açıq razılığı əsasında müəyyənləşdirilməli, yerli məsuliyyəti əvəz etməməli və proses üzərində tam nəzarət Bakı və İrəvanın əlində qalmalıdır.