
Bakı. Trend:
“iPhone 17 Pro” və “iPhone 17 Pro Max” modellərinin bəzi
istifadəçiləri qeyri-adi problemlə üzləşiblər.
Trend
“Dijitaltrend” nəşrinə istinadən xəbər verir ki, telefon enerji
yığımı zamanı ekran açıq olduqda dinamiklərdən zəif xışıltı səsi
eşidilə bilər.
İstifadəçilərin sözlərinə görə, bu səs yalnız cihaz şarj qurğuya
qoşulduqda yaranır – istər kabel vasitəsilə, istərsə də “MagSafe”
simsiz enerji yığımı zamanı. Şarj kəsildikdə isə səs tamamilə yox
olur.
Bəzi istifadəçilər telefonlarını zəmanət çərçivəsində dəyişsələr
də, problem bəzən yeni əldə olunan cihazlarda da təkrarlanıb.
“Apple” mütəxəssislərinin məsələdən xəbərdar olduğu və problemi
araşdırmaq üçün mühəndislərə ötürdüyü bildirilir. Əgər nasazlıq
proqram təminatı ilə, məsələn, enerji idarəetməsi və ya audio
drayverlərlə bağlıdırsa, problem gələcək iOS yeniləməsi ilə aradan
qaldırıla bilər. Problemin aparat hissəsi ilə əlaqəli olduğu
təsdiqlənərsə, şirkətin pulsuz təmir və ya dəyişdirmə təklif
edəcəyi gözlənilir.


