Bu gündən vergi ödəyicilərinin gəlir və xərclərinə dair yeni qayda tətbiq ediləcək

Baş səhifə

Bakı. Trend:

Təhsil, tibb, mədəniyyət və idman sahəsində fəaliyyət göstərən
vergi ödəyicilərinə əmlak vergisi güzəştinin həcmi azaldılıb.

Trend-in
məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi
Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini
tapıb.

Qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqanın (qurumun) müəyyən etdiyi meyarlara cavab verən investisiya
layihələri üzrə dövlət müəssisələrinə dövlət büdcəsinin dövlət
investisiya proqramı çərçivəsində ayrılan və aktivlərə aid edilən
vəsait istisna olmaqla, dövlət büdcəsindən ayrılan və aktivlərə aid
edilən digər vəsait hesabına alınan və ya quraşdırılan əsas
vəsaitlərə və qeyri-maddi aktivlərə görə Vergi Məcəlləsinə uyğun
olaraq hesablanmış amortizasiyanın məbləği (vergi ödəyicisinin öz
vəsaiti hesabına apardığı və əsas vəsaitlərin dəyərinə aid edilmiş
təmir xərcləri üzrə hesablanmış amortizasiya məbləği istisna
olmaqla) qədər həmin vəsaitin məbləği vergitutma obyekti hesab
ediləcək.

Yəni, Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara cavab verən
investisiya layihələri üzrə dövlət müəssisələrinə dövlət büdcəsinin
dövlət investisiya proqramı çərçivəsində ayrılan və aktivlərə aid
edilən vəsait istisna olmaqla, dövlət büdcəsindən ayrılan və
aktivlərə aid edilən digər vəsait hesabına alınan və ya
quraşdırılan əsas vəsaitlərə və qeyri-maddi aktivlərə görə
hesablanmış amortizasiya məbləği qədər vəsait vergi ödəyicisinin
gəlir və xərclərinə aid ediləcək.




Dəyişiklik vergitutma məqsədləri üçün amortizasiya və təmir
xərclərinin uçotunun aparılması mexanizminin təkmilləşdirilməsi
çərçivəsində hazırlanıb və özündə aşağıdakıları nəzərdə tutur:

  • dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından ayrılan
    və aktivlərə aid edilən subsidiya (hökumət yardımı) hesabına alınan
    və ya quraşdırılan əsas vəsaitlərə (fondlara) və qeyri-maddi
    aktivlərə görə tam məbləğdə amortizasiya hesablanması və həmin
    məbləğ qədər subsidiyanın gəlir hesab edilməsi;
  • amortizasiya olunmayan aktivlərin alınması və ya quraşdırılması
    məqsədilə dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından
    ayrılan və aktivlərə aid edilən subsidiyanın (hökumət yardımının)
    gəlir və ya zərər kimi nəzərə alınmaması;
  • aktivlərə aid edilən subsidiya hesabına mallar (işlər,
    xidmətlər) alınarkən ödənilmiş ƏDV məbləğinin
    əvəzləşdirilməməsi.

Eyni zamanda, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu
xərclərindən (investisiya xərcləri) dövlət müəssisələrinə 2026-cı
il 1 yanvar tarixədək ayrılaraq nizamnamə kapitalına aid edilmiş
vəsaitlər, habelə 2026-cı il 1 yanvar tarixindən sonrakı dövrdə
Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş meyarlara cavab verən
investisiya layihələri üzrə dövlət büdcəsinin dövlət investisiya
proqramı çərçivəsində ayrılan vəsaitlər hesabına alınan və ya
quraşdırılan aktivlər üzrə hesablanmış amortizasiyanın yalnız 40
faizinin gəlirdən çıxılması davam etdirilir.

Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvar
tarixindən qüvvəyə minib.