
Bakı. Trend:
İrsi qan xəstəliyi olan şəxslərin müayinəsi və müalicəsi üzrə
tədbirlərin maliyyələşdirilməsi qaydalarında dəyişiklik edilib.
Trend-in
məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi
“Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş
şəxslərə dövlət qayğısı haqqında” Qanunda dəyişiklik edilməsi
barədə Qanunda öz əksini tapıb.
Qanuna əsasən, talassemiya irsi qan xəstəliyi
olan şəxslərin dövlət tibb müəssisələrində müayinə və müalicəsi
dövlət büdcəsi vəsaiti hesabına,
hemofiliya irsi qan xəstəliyi olan şəxslərə
münasibətdə isə icbari tibbi sığorta vəsaiti
hesabına maliyyələşdiriləcək.
Həmçinin 2026-cı ildə aşağıdakı dövlət proqram və tədbirləri
üzrə xərclərin icrası İcbari Tibbi Sığorta Fondunun (İTSF)
vəsaitləri hesabına həyata keçiriləcək:
- Şəkərli diabet xəstəliyi üzrə tədbirlər ilə bağlı xərclər;
- Xroniki böyrək çatışmazlığı üzrə tədbirlər ilə bağlı
xərclər; - Hemofiliya xəstəliyi üzrə tədbirlər ilə bağlı xərclər;
- Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına və uşaqların
icbari dispanserizasiyadan keçirilməsinə dair tədbirlər ilə bağlı
xərclər; - “2023-2027-ci illər üzrə ixtioz və buliyoz epidermoliz
xəstəliklərinin müalicəsinə və profilaktikasına dair Tədbirlər
Proqramı”nın maliyyələşdirilməsi ilə bağlı xərclər; - Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və
onunla mübarizə tədbirləri ilə bağlı xərclər; - Vərəmlə mübarizə tədbirləri ilə bağlı xərclər;
- Uşaqlarda Kistoz Fibroz genetik xəstəliyi ilə mübarizə
tədbirləri ilə bağlı xərclər.
“Tibbi sığorta haqqında” Qanunda təklif edilən
dəyişikliyə əsasən, icbari tibbi sığortanın maliyyə mənbələri
siyahısı və illik xərci müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən səhiyyə sahəsində
dövlət proqramları və tədbirlər üçün istifadə ediləcək.
Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvar
tarixindən qüvvəyə minib.


