Malidə benzin müharibəsi. Kreml daha bir müttəfiqini itirəcəkmi?

Baş səhifə
Moskvada danışıqlarda Malinin nümayəndə heyəti

Şəklin mənbəyi, MIL.RU

Şəklin alt yazısı, Moskvada danışıqlarda Malinin nümayəndə heyəti

    • Müəllif, Ilya Barabanov*, Sergey Qoryaşko
    • Vəzifə, BBC Rusca xidməti

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

“Vaqner” özəl hərbi şirkətindən “Afrika Korpusu”na keçid Rusiyanın Malidəki mövcudluğunda yeni bir mərhələ olmalı idi.

Rusiya bu ölkədə silahlı qruplaşmalarla hərbi xuntanın mürəkkəb münasibətlərindən faydalanmağa çalışdı, lakin, adətən, işə yarayan rıçaqlar – silah ticarəti, muzdlular, iqtisadi vədlər – bu dəfə tam effekt vermədi.

Rusiyada qadağan olunmuş “Əl-Qaidə” ilə əlaqəli JNIM qruplaşmasının cihadçıları ölkənin paytaxtı Bamakoya yanacaq tədarükünü bloklayıb və general Assimi Goita-nın rəhbərlik etdiyi hərbi xuntanı təhdid ediblər.

Ekspertlər müzakirə edirlər ki, hakimiyyətini Rusiya “Afrika Korpusu”nun hərbçilərinin dəstəyi ilə qoruyan Goita rejimi Yeni ilə qədər süqut edə bilərmi.

Əgər bu baş verərsə, Kreml beynəlxalq arenada Suriya Prezidenti Bəşər Əsəd hakimiyyətinin devrilməsindən sonra daha bir mühüm müttəfiqini itirə bilər.

BBC-nin Rusca xidməti Malidə hazırda nə baş verdiyini və bunun Rusiya ilə necə əlaqəli olduğunu izah edir.

Noyabrın 3-də Malinin keçid dövrü rəhbəri, 2021-ci ildə hərbi çevriliş nəticəsində hakimiyyətə gəlmiş general Assimi Goita paytaxt Bamako şəhərindən təxminən üç saatlıq məsafədə, ölkənin cənubundakı Buquni regionunda litium mədəninin açılış mərasimində iştirak edib.

Bu litium yatağı Afrikadakı ən böyük yataqlardan biri sayılır və ehtiyatları 318 milyon dollar həcmində qiymətləndirilir.

Mədəni işlətməli olan şirkət yerli şirkətdir, lakin onun əsas səhmdarı Çinin Ganfeng Lithium Co. Ltd. konsernidir – litium duzunun (tibbdə və energetikada geniş istifadə olunur) Çində ən böyük, dünyada isə üçüncü ən böyük istehsalçısı.

Müşahidəçilərin diqqətini çəkən məqam o oldu ki, general Goita, adətən, olduğu kimi avtomobil korteji ilə deyil, helikopterlə mərasimə gedib.

Səbəb isə son aylarda paytaxta aparan əsas yolların “Əl-Qaidə” ilə dost münasibətdə olan JNIM qruplaşmasının cihadçıları tərəfindən nəzarətə götürülməsidir.

JNIM Malidə şəriət qanunlarının tətbiqini istəyir.

Lakin Rusiyada terror təşkilatı kimi qadağan olunmuş, uzun illər qarşıdurmadan sonra, ötən il cəmi on gün davam edən üsyanla Suriyada Bəşər Əsəd rejimini devirməyə nail olan “Həyat Təhrir əş-Şam” qruplaşmasından fərqli olaraq, JNIM hələlik Malinin paytaxtına hücum etmir.

Onların metodu Goita rejimini iqtisadi cəhətdən tükəndirən blokada və hərbi hakimiyyətin ölkə daxilində sarsıdılmasıdır.

Assimi Qoyta Bamakoda hərəkət edərkən

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Assimi Goita Bamakoda hərəkət edərkən

Mövcudluğun legitimləşdirilməsi

Oktyabr ayında xarici işlər naziri Sergey Lavrov ərəb ölkələrindən olan jurnalistlərlə XİN binasında görüşərək onların suallarını cavablandırıb.

Mətbuat konfransının səbəbi oktyabrın 15-nə planlaşdırılmış Rusiya-Ərəb sammitinin ləğv edilməsi idi.

Moskvaya gəlməyə çox az sayda ərəb ölkəsi lideri razılıq vermişdi: əksəriyyəti Qəzza ilə bağlı Donald Trampın planının imzalandığı Misirə səfəri üstün tutmuşdu.

Daha sonra Bloomberg tərəfindən yayımlanan stenoqramdan məlum oldu ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovla Trampın xüsusi elçisi Stiv Uitkoff arasında telefon danışığında da təsdiqləndiyi kimi, Rusiya bu sammiti məhz həmin Amerika razılaşmasına mane olmamaq üçün ləğv edib.

Əlcəzair radiosunun müxbiri rusiyalı nazirə bildirib ki, Sahel regionunun bir çox dövlətləri Rusiyanın “Afrika Korpusu” bölmələrinin bu ölkələrin daxili işlərinə müdaxilə edə biləcəyindən ehtiyat edirlər:

– “Sizcə, “Afrika Korpusu” Malidə baş verdiyi kimi, dinc əhaliyə qarşı cinayətlər törədə bilərmi?” – deyə əlcəzairli jurnalist soruşub.

Rusiyalı nazir isə Rusiya rəsmilərinin tez-tez etdiyi kimi, əsəbi şəkildə bildirib ki, jurnalist ona kimsə tərəfindən yazılmış sualı oxuyur:

– “Sizə hər şeyi diqqətlə yazıblar, siz də vicdanla oxudunuz. Əgər Maliyə işarə edirsinizsə, orada bizim “Afrika Korpusu” bu ölkənin qanuni hakimiyyətinin xahişi, dəvəti ilə fəaliyyət göstərir. Əlcəzairdəki və Malidəki dostlarımız arasında mövcud olan “gərginliklərdən” xəbərdarıq. Bu “gərginliklər” (gəlin, hər şeyi öz adı ilə çağıraq) müstəmləkəçilik keçmişi ilə bağlıdır: o zaman müstəmləkəçilər Afrikanı ‘xətkeşlə’ sadəcə düz xətlə bölərək, etnik qrupların yaşayış ərazilərini yarıya böldülər. Afrikanın xəritəsinə baxın. Orada çoxlu süni sərhədlər var”, – deyə Sergey Lavrov bildirib.

Malidə nümayiş

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Malidə nümayiş

2023-cü ilin payızına qədər Rusiyanın Afrikadakı maraqları Yevgeni Priqojinin rəhbərlik etdiyi “Vaqner” Özəl Hərbi Şirkətinin fəaliyyəti ilə təmsil olunurdu.

Lakin onun qiyamından və sonrakı ölümündən sonra Rusiya hakimiyyəti müdafiə nazirinin müavini Yunus-Bek Yevkurovun kurasiyası altında “Afrika Korpusu”nu yaradıb.

Bu struktur müxtəlif Afrika ölkələrində muzdluları mərhələli şəkildə əvəzləyir.

Onun hərbçiləri, əvvəllər ÇVK döyüşçüləri olduğu kimi, mütəmadi olaraq müxtəlif qalmaqalların mərkəzində qalırlar.

Məsələn, noyabrın 5-dən 6-na keçən gecə Bamakoda “Afrika Korpusu”nun bir hərbçisi yerli barın sahibi olan Livan vətəndaşını güllələyib. Həmin şəxs barı bağlamaq istəyirdi, halbuki Rusiya vətəndaşı olan hərbçi orada bir qədər də qalmaq niyyətində idi.

Keçmiş ÇVK döyüşçülərinin bir qismi yeni strukturla müqavilələri yenidən imzalayıb, lakin hazırda da Rusiyanın müxtəlif regionlarında bu yeni quruma fəal şəkildə cəlbetmə aparılır.

Bu, bəzi Afrika liderlərini qane etsə də, Əlcəzair kimi qonşu ölkələrdə ciddi narahatlıq doğurur.

Rusiyalı nazirin sərhədlərlə bağlı sözləri ayrıca diqqət çəkib.

Əlcəzair Afrikada Rusiya silahlarının ən iri alıcılarından biridir, lakin eyni zamanda Malidə hakimiyyətdə olan hərbi qüvvələrlə kifayət qədər gərgin münasibətlərə malikdir.

Hələlik Rusiyanın səfirini Xarici İşlər Nazirliyinə izahat üçün çağırmayıblar, amma yerli mediada Lavrovun bəyanatı fəal şəkildə şərh olunub:

“Analitik baxımdan zərərsiz görünən bu fikir əslində Əlcəzair diplomatik doktrinasının əsas sütunlarından birinə toxunur: müstəmləkəçilikdən miras qalmış sərhədlərə ciddi hörmət”.

Əlcəzairli deputat Abdeluahab Yakubi isə belə deyib: “Tarixin bu cür qərəzli oxunuşu Rusiyanın heç vaxt onun geostrateji məkanının bir hissəsi olmayan bir ərazidə mövcudluğunu legitimləşdirməyə yönəlib. Moskvadan əldə etdiyimiz hər şey şüarlar, silah tədarükü üzrə müqavilələr və texnoloji asılılıqdır”.

“Afrika Korpusu”nun nəzarəti altında”

Avqustun 14-də Rusiya müdafiə naziri Andrey Belousov ilk dəfə Sahel Dövlətləri Konfederasiyasına üzv ölkələrin müdafiə nazirləri ilə görüş keçirib.

Bu, Afrika regionunda yeni ittifaq 2024-cü ildə yaradılıb və ona Burkina-Faso, Mali və Niger daxildir.

Bu üç qonşu dövləti təkcə ümumi sərhədlər deyil, həm də nisbətən yaxın keçmişdə baş vermiş hərbi çevrilişlər birləşdirir; həmin çevrilişlər nəticəsində bu ölkələrdə hərbçilər hakimiyyətə gəlib.

Lakin Kreml 2014-cü ildə Ukraynada baş verən hadisələrlə bağlı daim “konstitusiyaya zidd çevriliş” ifadəsini işlətsə də, Afrikadakı bu tərəfdaşlarının legitimliyi ilə bağlı Moskvada heç bir problem görmürlər.

Hərbi çevrilişlə hakimiyyətə gələnlər

41 yaşlı general Assimi Goita 2021-ci ildə Malinin başına keçib.

37 yaşlı İbrahim Traore 2022-ci ilin yanvarında Burkina-Fasoda “Vətənin müdafiəsi və bərpası uğrunda Vətənpərvər Hərəkat” adlı hərbi xuntanı hakimiyyətə gətirib.

Nigerin prezident mühafizə qvardiyasının keçmiş komandanı, 60 yaşlı Abdurahman Tçiani isə 2023-cü ilin iyulunda ölkənin əvvəlki rəhbərini devirərək həbs edib və ölkənin başına keçib.

“Bu alyansın yaradılması barədə qərar Sahel xalqlarının azad seçiminin, davamlı və dinc inkişafa yönəlmiş kursunun nəticəsidir,” – Rusiya müdafiə naziri afrikalı həmkarlarına bildirib.

Lakin Belousov yeni ittifaqla bağlı yenə də narahatlığını gizlətməyib: “Bu gün konfederasiya ölkələrində terror təhdidləri və qanunsuz silahlı birləşmələrin fəal fəaliyyəti qalmaqdadır”.

Assimi Goita Moskvaya səfəri zamanı

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Assimi Goita Moskvaya səfəri zamanı

Bu ölkələrdə vəziyyətin heç də tam sabit olmadığını təkcə Andrey Belousov düşünmürdü.

Onun görüşündən iki ay əvvəl “Vaqner” ÇVK-nın qalıqlarının mətbuat xidməti gözlənilmədən bəyan etdi ki, təşkilat Malidəki fəaliyyətini başa vurur, ölkəni tərk edir və oradakı vəziyyəti “Afrika Korpusu”nun nəzarətinə buraxır.

Malidə, Suriyada, Liviyada və Burkina-Fasoda fəaliyyət göstərən muzdlulara yeni strukturla müqavilələri yenidən imzalamaq təklif olundu.

“Vaqner” Malidə ilk dəfə 2021-ci ildə, dövlət çevrilişi fonunda fransız sülhməramlılarının ölkəni tamamilə tərk etməsindən sonra peyda olmuşdu.

Polkovnik Assimi Goita Prezident İbrahim Keytanı devirdi, elə həmin vaxt Fransa Prezidenti Emmanuel Makron da ölkədə yerləşdirilmiş 5 min nəfərlik fransız hərbi kontingentinin iştirak etdiyi “Barxan” əməliyyatının başa çatdığını elan etdi.

Bu qüvvələrin köməyi ilə Keyta tuareg separatçılarına qarşı mübarizə aparırdı. Fransızların yerini isə Goita “Vaqner” muzdlularını dəvət etməklə doldurdu.

ÇVK öz qurucusu Yevgeni Priqojinin ölümündən sonra da, “Afrika Korpusu” yaradıldıqdan sonra da ölkədə qalmaqda davam etdi.

2023-cü ilin noyabrında Rusiya Xarici İşlər Nazirliyi Malinin hökumətini silahlı qüvvələrinin ölkənin şimal-şərqində yerləşən və uzun illər tuareg dəstələrinin nəzarətində olan mühüm Kidal şəhərini yenidən nəzarətə götürməsi münasibətilə təbrik etmişdi. Bu, Rusiya muzdlularının dəstəyi ilə həyata keçirilmişdi.

BBC-yə danışan Xarici Siyasət Tədqiqatları İnstitutunun (FPRI) Avrasiya proqramının elmi əməkdaşı Rafael Parens bildirib ki, fransızların yerini tutan “vaqnerçilər” də sələfləri olan fransızlar kimi eyni taktiki səhvə yol veriblər.

On il əvvəl fransızlar “Serval” əməliyyatı zamanı (Fransanın Malidə hərbi müdaxiləsi, “Barxan” isə onun daha sonrakı davamı idi) əsas qüvvələri islamçılardan Kidal şəhərini geri almağa cəmləmişdilər.

Nəticə isə həm Fransa, həm də Rusiya üçün eyni oldu: tuareg separatçıları dağlara çəkildilər və partizan müharibəsinə başladılar.

Malili liderin korteji

Şəklin mənbəyi, x.com/presidencemali

Şəklin alt yazısı, Malili liderin korteji

2025-ci ilin martında Fransanın Le Monde qəzeti yazırdı ki, Qərb qiymətləndirmələrinə görə, Malidə hələ də 2500 “Vaqner” döyüşçüsü qalıb və onlardan təxminən 1000 nəfəri “Korpus”la (Afrika Korpusu ilə) yenidən müqavilə imzalayıb.

Qəzet iddia edirdi ki, Moskva Malinin hakimiyyət orqanlarına təzyiq göstərərək Kreml ilə daha rəsmi – həm hərbi, həm də iqtisadi əməkdaşlıq qurulmasını istəyib.

Çünki “Vaqner” ölkədə qızıl hasilatı ilə də məşğul idi.

“Vaqner”lə tərəfdaşlıqdan məmnun olan general Assimi Goita-nın xuntası mövcud sistemi dəyişmək istəmirdi.

2024-cü ilin noyabrının sonunda, Rusiya müdafiə nazirinin müavini Yunus-Bek Yevkurovun Bamakoya növbəti səfərindən sonra 2024-cü ildə bitməli olan “Vaqner”lə müqavilənin 2025-ci ilin martına qədər uzadılması barədə qərar qəbul edildi.

“Vaqner”in Malidəki üçillik mövcudluğu dövründə mediada muzdluların yerli əhaliyə qarşı törətdiyi vəhşiliklər barədə mütəmadi sübutlar dərc olunurdu.

2025-ci ilin yayının əvvəlinə doğru, görünür, Malidə hadisələrin hansı ssenari üzrə inkişaf edəcəyini anlayan “Vaqner”in indiki rəhbərliyi bəyan etdi ki, artıq oradakı hadisələrə görə məsuliyyət daşımır və vəziyyətin sonrakı inkişafına görə məsuliyyəti Rusiyanın müdafiə nazirinin müavini, “Afrika Korpusu”nun kuratoru Yunus-Bek Yevkurova ötürür.

BBC-nin Malini izləyən və Rusiyanın bu Afrika ölkəsindəki muzdlularının fəaliyyətini araşdıran üç mütəxəssisi eyni qənaətə gəlib: “Vaqner” ÇVK döyüşçülərinin 70–80 faizi “Afrika Korpusu” ilə yeni müqavilələr bağlayıb.

“Vaqner” muzdlularının Malidən çıxması barədə 6 iyunda açıqlama verdi.

Artıq 13 iyunda isə “Afrika Korpusu”nun Rusiya–Mali konvoyu yenə Kidal rayonunda pusquya düşdü; nəticədə 45 rusiyalı və malili hərbçi həlak oldu.

Ertəsi gün Azavadın Azadlığı Cəbhəsinə mənsub tuareqlər Su-24 təyyarəsini vurdu.

General Goita Rusiya müdafiə nazirinin müavini Yevkurovla danışıqlarda

Şəklin mənbəyi, x.com/presidencemali

Şəklin alt yazısı, General Goita Rusiya müdafiə nazirinin müavini Yevkurovla danışıqlarda

İyulun 29-da Rusiya energetika naziri Sergey Tsivilyov Bamakoda Rusiya–Mali hökumətlərarası komissiyasının ilk iclasını keçirdi.

Onun işinin konkret nəticələri barədə məlumat verilmədi, lakin Malinin liderinin mətbuat xidməti tərəfindən yayımlanan fotolarda general Goita da, nazir Tsivilyov da, Yunus-Bek Yevkurov da, Rusiyanın Malidəki səfiri İqor Qromıko da olduqca kədərli görünürdü.

“Düşünürəm ki, onlar üsyançılara qarşı kampaniya aparmağın inanılmaz dərəcədə çətin olduğunu dərk ediblər”, – deyə Rafael Parens bildirir.

Onun sözlərinə görə, “Afrika Korpusu”nun döyüşçüləri, əsasən, bazalarda qalır və Malinin və Rusiyanın hökumətlərindən hansısa qərarı gözləyirlər: ya əməliyyatı genişləndirmək, ya da tamamilə dayandırmaq: “Vəziyyət havadan asılı qalıb və mən Rusiyanın nəyisə dəyişməyə marağının olub-olmadığına əmin deyiləm”.

Təxminən eyni cür fransız hərbçiləri də “Barxan” əməliyyatı zamanı (2014–2022) davranırdılar: ən kiçik atəş təması zamanı əsgərlər bazalara qayıdır və onlardan uzaqlaşmamağa çalışırdılar.

Fransız qoşunlarının o zamankı komandanı Pyer de Vilyenin qiymətləndirməsinə görə, “belə ‘Afrika’ formatlı əməliyyat çox baha başa gəlmir, amma eyni zamanda heç bir effekt də vermir”.

Bamako küçəsində

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Bamako küçəsində

“Rusiyanın Malidəki hərbi əməliyyatı təəccüblü şəkildə Fransanın yolunu təkrarladı və indi Barxan əməliyyatının son mərhələsində olduğu nöqtəyə gəlib çatdı – “Afrika Korpusu” möhkəmləndirilmiş şəhərlərdəki kazarmalarında mövqe tutub, əməliyyatlarda son dərəcə nadir hallarda iştirak edir və Goita rejiminə ölkədə cihadçılara son qoymaqda yardım göstərməyə maraqlı görünmür”, – deyə Parens bildirir.

Onun sözlərinə görə, Qərb mediası əvvəlcə “Vaqner”i qorxulu muzdlular birliyi kimi təqdim etsə də, Malidə onlar heç vaxt ciddi uğurlar əldə etməyiblər.

“Afrika Korpusu” isə bu xətti davam etdirir, lakin indi onun əvvəlkindən də az resursu var; bu da, əsasən, Moskvanın Ukraynada müharibə aparması ilə bağlıdır.

“Onların vəd etdikləri hər şey üzrə – Qərbdən daha yaxşı olmaq, hökumətə əraziləri geri qaytarmaqda kömək etmək, uzunmüddətli təhlükəsizliyi təmin etmək – demək olar ki, bütün göstəricilər üzrə Malidə vəziyyət yalnız daha da pisləşib”, – ABŞ Hərbi-Dəniz Qüvvələri Hərbi Kollecinin professoru Kris Folkner Malidəki Rusiya hərbi mövcudluğunu belə yekunlaşdırır.

Zirehli texnika Suriyadan Malinə daşınır

2024-cü il noyabrın 27-dən dekabrın 8-dək Suriyada silahlı müxalifət sürətli üsyan həyata keçirdi; nəticədə Bəşər Əsəd rejimi süqut etdi və o, sürgünə – Moskvaya yollandı. Hakimiyyətə Əhməd əş-Şaraa gəldi.

Rusiyanın hakim dairələri uzun illər həm onu, həm də rəhbərlik etdiyi qruplaşmanı terrorçu hesab edirdi, lakin Şaraanın bu yaxınlarda Kremlə səfərindən sonra Rusiya mediası yeni Suriya hakimiyyətinə münasibətdə tonunu yumşaltdı.

Suriyadakı Rusiya kontingenti qeyri-müəyyən vəziyyətdə qaldı və bu ölkədəki Rusiya bazalarının gələcəyi kimi, onun taleyi ilə bağlı danışıqlar hələ də davam edir.

Bununla belə, çevrilişədək Suriyanın Tartus limanında yerləşən Rusiya gəmiləri oranı tərk etməyə məcbur oldu və Liviya limanı Tobruka yollandı.

Liviyada nisbətən “donmuş” vətəndaş müharibəsi nəticəsində ölkə hazırda üç qeyri-bərabər hissəyə bölünüb.

BMT tərəfindən tanınan Milli Razılıq Hökuməti Tripolidə yerləşir və paytaxt ətrafında ən sıx məskunlaşmış ərazilərə nəzarət edir. Liviyanın şərqindəki alternativ hökumət Tobrukda fəaliyyət göstərir və 81 yaşlı marşal Xəlifə Haftarın qoşunları tərəfindən dəstəklənir.

Liviyanın cənubunda isə bəzi rayonlar Malinin şimalında da hökumətə qarşı döyüşən həmin tuareqlərin nəzarətindədir.

Malidə baş verən hadisələr üzrə ixtisaslaşmış War News kanalı iddia edirdi ki, 2024-cü ilin dekabrında Rusiya gəmiləri Suriyadan Tobruka Rusiya hərbi texnikasının bir hissəsini də çıxarıb ki, bu texnika “Həyat Təhrir əş-Şam” qruplaşmasının əlinə keçməsin.

T-72 tankları, BTR-82 və BMP-3 kimi müxtəlif zirehli maşınlar, BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemləri əvvəlcə Liviyanın Tobruk limanına gətirilib, oradan isə Niger ərazisindən keçməklə Malinə çatdırılıb.

Bu texnika general Goita-nın hakimiyyətini qorumaqda “Afrika Korpusu”na kömək etməli idi.

Dənizə çıxışı olmayan Afrika ölkələrinə silah tədarükü üçün Rusiya digər logistika zəncirlərindən də istifadə edir.

Rusiyanın Mərkəzi Afrika Respublikasındakı keçmiş səfiri, hazırda XİN-in Diplomatik Akademiyasında dərs deyən Vladimir Titorenko 2025-ci ilin aprelində “Diplomatik xidmət” jurnalında dərc olunmuş “Rusiya və Saheldə vəziyyətin inkişafında yeni məqamlar” adlı məqaləsində yazırdı:

“Sanksiyalara məruz qalmış yük gəmilərindən istifadə edən Moskva Qərbi Afrikaya tanklar, artilleriya və radioelektron mübarizə sistemləri çatdırır və bununla Afrika Korpusunun mövqelərini möhkəmləndirir. Peyk məlumatları Konakri (Qvineya) limanında hərbi texnikanın boşaldıldığını təsdiqləyib; oradan bu texnika Malinə daşınıb. Videoarxivlərin təhlili 152 millimetrlik haubitsaların, zirehli transportyorların və Su-24 təyyarələrinin tədarükünü üzə çıxarıb”.

Lakin JNIM qruplaşmasının cihadçıları yaxşı anlayırdılar ki, həm Rusiya hərbi texnikasının çatdırılması, həm də dənizə çıxışı olmayan ölkədə hakimiyyətin qorunması paytaxta tədarüklərin sabitliyindən asılıdır.

Buna görə də Goita rejimi ilə məhz bu üsulla mübarizə aparmağa qərar verdilər; burada son aylarda Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın neft emalı zavodlarına zərbələr endirməsi ilə müəyyən paralellər görmək olar.

Rusiyanın Malinin qızılı ilə işi niyə alınmadı

Sentyabrın 29-da BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edən Əlcəzairin dövlət naziri Əhməd Attaf Malinin hakimiyyətini Kremlin Kiyevdəki hakimiyyətə münasibətdə istifadə etdiyi ifadələrə bənzər sözlərlə tənqid etdi:

“Bu saxta şair və çevrilişçinin nümayiş etdirdiyi alçaqlıq, bayağılıq və ədəbsizlik zirvələri yalnız bir soldafonun söz ishalıdır. Bu boşboğazlıq yalnız nifrət və iyrənmə doğurur. Mali Respublikası bu sui-qəsdçilərdən və putçistlərdən daha yaxşısına layiqdir. Əlcəzair tam anlayır ki, bu qardaş ölkə öz xalqı üçün yaxşı gələcək istəməyən, sadəcə onu əzməyə çalışan bir ovuc insan tərəfindən təmsil oluna bilməz”, – deyə Attaf bildirib.

Əlcəzair–Mali sərhədində daimi gərginlik nöqtələrindən biri Tinzaouten şəhəridir. 2024-cü ilin iyulunda Malinin hərbçiləri “Vaqner” ÇVK muzdluları ilə birlikdə Əlcəzair ərazisində yerləşən bu şəhəri tuareg üsyançılardan azad etməyə cəhd göstərdilər, lakin yolda əvvəlcə qum fırtınasına, sonra isə pusquya düşərək onlarla insan itirdilər.

Həmin vaxtdan bəri Əlcəzair hakimiyyəti Malidən Tinzaouten istiqamətində dronların uçduğunu mütəmadi olaraq bəyan edir, Mali tərəfi isə dronların yalnız öz sərhədləri daxilində hərəkət etdiyini bildirir.

Məhz JNIM və tuareg qruplaşması tərəfindən vurulan bu məğlubiyyət ölkədə “Vaqner”in mövcudluğunun sonunun başlanğıcı və döyüşçülərin “Afrika Korpusu”na keçidinin startı oldu, – deyə BBC-yə Xarici Siyasət Tədqiqatları İnstitutunun (FPRI) Avrasiya proqramının elmi əməkdaşı Rafael Parens bildirib.

Onun sözlərinə görə, həmin andan etibarən rus muzdlularının taktikası da dəyişib.

“Vaqner”dən “Korpus”a keçid təşkilatın öz düşərgələrindən kənarda əməliyyatlar aparmaq qabiliyyətinə təsir göstərdi. “Korpus” çoxsaylı əməliyyatlar keçirməyə elə də maraqlı deyil. Bəli, yaxın vaxtlarda onlar neftlə yüklü konvoyların mühafizəsində iştirak ediblər. Görünür, bu, Malinin hakimiyyət orqanlarına astronomik məbləğə başa gəlib. Amma düşünmürəm ki, hazırda [“Korpus”un] hansısa fəallığa böyük marağı var, çünki bunun Moskva üçün qazancı azdır. Mali prioritet deyil”, -deyə Parens vurğulayır.

Nyu-Yorkdakı iclaslar başlanana qədər Malinin hökumətinin artıq ciddi problemləri yaranmışdı və qonşu Əlcəzairdə bundan yaxşı xəbərdar idilər.

Hələ 2025-ci ilin yanvarında Mali, Burkina-Faso və Niger yeni alyans yaradaraq və Rusiyanın hərbi-siyasi dəstəyinə güvənərək Qərbi Afrika ölkələrinin regional birliyi olan ECOWAS-dan (Ekovas) çıxdıqlarını elan etdilər.

Hazırda ECOWAS-a 12 dövlət daxildir, təşkilatın mənzil-qərargahı isə Nigeriyanın Abuca şəhərində yerləşir. Bu qurum 1975-ci ildə Qərbi Afrikanın 16 dövlətinin Laqos sazişini imzalaması ilə yaradılmışdı; məqsədi region ölkələrinin iqtisadi inteqrasiyası, yoxsulluqla mübarizə və birgə təhlükəsizliyin təmin edilməsi idi.

Regional alyansdan çıxmaq qərarı Malinin dənizə çıxışı olan qonşu dövlətlərlə münasibətlərini pisləşdirdi; halbuki ölkə yanacaq təhlükəsizliyi məsələsində məhz onlardan asılı idi.

Malinin mərkəzi hökumətin çətinliklə nəzarət etdiyi şimal rayonları yanacağı Əlcəzair və Mavritaniyadan ala bilsə də, paytaxt Bamako da daxil olmaqla ölkənin cənub hissəsi yanacaq tədarükündə Seneqal, Kot-d’İvuar və Qvineyadan asılı idi.

"Əl-Qaidə" ilə əlaqəli JNIM qruplaşması son aylarda Dakar–Bamako, Abican–Bamako və Konakri–Bamako nəqliyyat arteriyalarına fəal şəkildə nəzarət qurmağa başlayıb

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, “Əl-Qaidə” ilə əlaqəli JNIM qruplaşması son aylarda Dakar–Bamako, Abican–Bamako və Konakri–Bamako nəqliyyat arteriyalarına fəal şəkildə nəzarət qurmağa başlayıb

Mərkəzi hökumətin məhz bu zəif yerini anlayan JNIM cihadçıları son aylarda Dakar–Bamako, Abican–Bamako və Konakri–Bamako nəqliyyat marşrutları üzərində nəzarəti fəal şəkildə ələ almağa başlayıblar.

Onlar nəqliyyat şirkətlərinin fəaliyyətini dayandırır, yalnız avtobuslardakı qadınlar geyimdə şəriət normalarına əməl etməyə başladıqdan sonra onların yenidən işləməsinə icazə verirlər.

Lakin əsas məqsəd benzin daşıyan kolonlara hücum edib onları yandırmaqdır. Bu isə artıq həm paytaxtda, həm də Malinin bir sıra digər şəhərlərində ciddi nəqliyyat böhranı yaradıb.

“Afrika Korpusu”nun rusiyalı hərbçiləri benzin daşıyan maşınları müşayiət və mühafizə etməyə, eləcə də JNIM-in mövqelərinə zərbələr endirməyə çalışırlar, lakin bu fəaliyyətin effektiv olduğunu demək çətindir.

Ekspertlər Rusiyanın Malidə uzunmüddətli məqsədlərinin hələ də açıq qaldığını düşünürlər:

“Düşünmürəm ki, Rusiyanın hazırda Mali ilə bağlı az-çox aydın şəkildə formalaşdırılmış məqsədləri var. Güman edirəm ki, onların ölkədən çıxması son dərəcə mənfi görünərdi və məhz bu amil ilk növbədə onları Malidə saxlayır. Əslində söhbət ətalətdən gedir”, – deyə Parens hesab edir.

ABŞ Hərbi-Dəniz Qüvvələri Hərbi Kollecinin professoru Kris Folkner də hesab edir ki, Rusiyanın Afrikada aydın uzunmüddətli strategiyası yoxdur.

Onun sözlərinə görə, Moskvanın addımları daha çox fürsətçi məntiqə uyğundur: mümkün olan hər yerdə dağıntılar törətmək və Qərb üçün problemlər yaratmaq, eyni zamanda avtoritar rejimləri dəstəkləmək.

Afrika ölkələrində Rusiya yerli əhali arasında Qərb tərəfdaşlarından narazılığın artdığını görür və onlara alternativ təklif edirdi.

Muzdlular ucuz və müəyyən mənada özünü maliyyələşdirən resursdur, üstəlik faydalı qazıntılara çıxış imkanı yaradırdı – bu da Rusiyanın Afrikadakı maraqlarından biridir.

Lakin Malidə bu baxımdan Moskva uğursuzluğa düçar oldu.

Müdafiə naziri Belousov afrikalı həmkarları ilə görüşdə

Şəklin mənbəyi, x.com/presidencemali

Şəklin alt yazısı, Müdafiə naziri Belousov afrikalı həmkarları ilə görüşdə

Rusiyanın Malidə marağının nisbətən zəif olması həm də Moskvanın bu ölkədə faydalı qazıntılara çıxış əldə edə bilməməsi ilə bağlı ola bilər.

Mali Afrikanın ən iri beş qızıl istehsalçısından biridir və qızıl ölkənin əsas ixrac məhsuludur.

“Əminəm ki, onlar bunu çox istərdilər. Lakin hesab etmirəm ki, ora daxil olmağı bacarsaydılar belə, yatırmalı olduqları investisiyaların həcmi buna dəyərdi”, – deyə Rafael Parens əlavə edir.

Birincisi, bazar artıq Malinin hakimiyyət orqanları və xarici şirkətlər arasında bölüşdürülüb, ikincisi isə 2023-cü ildə xunta yerli qızıl mədənlərində öz payını artırmaq və xarici şirkətlər üçün vergiləri yüksəltmək qərarı verib.

Rusiyanın qızıl hasilatı bazarına buraxılması Malinin hakimiyyətinin maraqlarına uyğun deyildi:

“Əgər Rusiya birbaşa çıxış əldə edərsə, Mali “Afrika Korpusu” üzərində təsir rıçaqlarını itirər”, – deyə Parens qeyd edir.

Malinin əyalətlərindən birində qızıl hasilatı

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Malinin əyalətlərindən birində qızıl hasilatı

Onun sözlərinə görə, bu baxımdan Malidəki vəziyyət Mərkəzi Afrika Respublikası (MAR) ilə ciddi şəkildə fərqlənir; orada uzun müddət ölkədəki yataqları çoxsaylı pərakəndə silahlı qruplaşmalar nəzarətdə saxlayırdı:

“Vaqner” üçün bu yataqları həmin birləşmələrdən geri almaq nisbətən daha asan idi, baxmayaraq ki, orada da bu proses uzanan qarşıdurma ilə müşayiət olunmuşdu”.

Folkner də razılaşır ki, “Vaqner” Malidə Mərkəzi Afrika Respublikasında nisbətən uğurlu alınmış sxemi təkrarlamağı, yəni ölkədə qızıl hasilatına nəzarəti ələ keçirməyi planlaşdırırdı.

Lakin Malinin hakimiyyət orqanlarının planlarına belə bir resursu Rusiyaya vermək daxil deyildi.

Ölkədə baha başa gələn mövcudluq

Noyabrın 1-də Guardian qəzeti “Əl-Qaidə ilə əlaqəli JNIM cihadçı qruplaşması Malini necə diz çökdürür” başlıqlı reportaj dərc edib.

Qəzet hazırda sürgündə yaşayan keçmiş malili nazirin sözlərini sitat gətirir: “31 dekabradək Səhəldə çevriliş baş verəcək. Əvvəl Mali yıxılacaq, sonra isə 2020–2023-cü illərdə müşahidə etdiyimiz eyni domino effekti işə düşəcək: bu ölkələrin hamısı bir-birinin ardınca süqut edəcək”.

Azavadın azadlığı uğrunda çıxış edən fəallardan biri BBC-nin Rusca xidməti ilə söhbətində cihadçıların Malinin paytaxtını ələ keçirməyə tələsmədiyini, hakimiyyətin orada öz-özünə çökməsini gözlədiklərini ehtimal edib:

“JNIM-in tətbiq etdiyi karbohidrogen blokadası Bamako üçün dağıdıcı silahdır, amma mən şəxsən onların paytaxtın dərhal süqutunu istədiklərini düşünmürəm. Onlar istəyirlər ki, şəhər yıxılmamışdan əvvəl qanı qurusun.

Biz müttəfiq deyilik, amma JNIM-in də, [Azavadın Azadlığı Uğrunda Milli Hərəkatın] da bir düşməni var: Malinin ordusu və “Afrika Korpusu”ndan olan rus muzdluları. JNIM-in öz məqsədi var, bizim isə özümüzünki – Azavadın özünü­müəyyənləşdirməsi. Malinin ordusu rusları bizi sistemli şəkildə məhv etmək üçün cəlb edib.

Hətta otlaqlarımızı da hər həftə yandırırlar – bu gecə Niafunkə yaxınlığında olanlardan biri də daxil olmaqla. Heç nədən vaz keçirmirlər (su qüllələri, otlaqlar, kəndlərimiz, heyvanlarımız və əhali).

Hər şey hədəfə çevrilir. Ruslar öz Telegram kanallarında özləri yazırlar ki, onlar buraya JNIM-lə döyüşmək üçün yox, Azavad separatçılarına qarşı və ərazini “təmizləmək” üçün gəliblər. Onlar üçün “təmizləmə” sözün ən birbaşa mənasında yandırılmış torpaq siyasəti deməkdir”, – o deyir.

Azavadın Azadlığı Uğrunda Milli Hərəkatın avtomobil kolonu

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Azavadın Azadlığı Uğrunda Milli Hərəkatın avtomobil kolonu

Bununla belə, bütün ekspertlər JNIM-in yaxın vaxtlarda Malidə hakimiyyəti ələ keçirməyi planlaşdırdığı fikri ilə razı deyil.

Səhəl ölkələrində vəziyyət üzrə ixtisaslaşan hollandiyalı jurnalist Tomas van Linge BBC-nin Rusca xidmətinə deyib: “Bunun baş verəcəyinə ciddi şübhə edirəm. JNIM dövlət daxilində hakimiyyəti tam ələ keçirməyə qətiyyən hazır deyil”.

Əgər JNIM Bamako üzərinə getməyə cəhd etsə, bu, qruplaşma üçün son dərəcə çətin əməliyyat olar – Raфаэль Паренс hesab edir ki, Malinin ordusu hələ də şəhəri saxlamaq gücündədir.

Üstəlik, onun sözlərinə görə, Bamako əhalisinə JNIM-in ideologiyası yaxın deyil.

Bununla belə, şəhərin mühasirəsi uzana bilər və Parensin fikrincə, Malinin feodallaşması perspektivi daha real görünür.

Ölkədə şəhərləri əvvəlki kimi hökumət nəzarətdə saxlayacaq: onun başında Goita olacaq, ya da başqa biri, bu, artıq ayrıca sualdır.

Şəhərlər arasındakı ərazilər isə üsyançı qruplaşmaların hakimiyyəti altına keçəcək.

Kris Folknerin fikrincə, cihadçılar ərazilərə nəzarət baxımından, ola bilsin ki, özlərinin də gözlədiyindən daha irəli gediblər və indi Goita rejimi ilə danışıqlara nail olmağın yollarını axtarırlar.

Bu güzəştlərin nədən ibarət olacağı hələ aydın deyil, lakin o əlavə edir ki, Rusiya bu danışıqlarda potensial olaraq vasitəçi rolunda çıxış edə bilər.

Mali lideri Kremlin görüşündə

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Mali lideri Kremlin görüşündə

Goita-nın hakimiyyət uğrunda əsas rəqibləri ilk növbədə onun öz yaxın çevrəsidir.

Onlardan biri hazırkı müdafiə naziri Sadio Kamara ölkənin mümkün növbəti rəhbəri sayılır. Lakin onun da rəqibləri var; Rafael Parens hesab edir ki, Kamara Goita-ya yaxın beş generaldan sadəcə biridir. Folknerin fikrincə, Goita mövcud silahdaşlarından birinin rəhbərliyi altında baş verə biləcək çevriliş nəticəsində hakimiyyəti itirə bilər və Rusiyanın onu müdafiə etməsi çətin görünür: Moskva üçün kifayətdir ki, yeni rəhbər də ona loyal olsun.

“Rusiya Malidə həddən artıq resurs xərcləmək istəmir. Düşünürəm ki, onlar ölkədə nisbətən ucuz başa gələn bir mövcudluğa ümid edirdilər. Goita rejiminin süqutu halında reputasiya itkiləri olacaq, amma bunu hansısa şəkildə izah edəcəklər”, – o deyir.

Redaktor Anastasiya Lotareva*.

*Rusiya hakimiyyəti İlya Barabanov və Anastasiya Lotarevanı “xarici agentlər” reyestrinə əlavə edib. BBC bu qərara qəti şəkildə etiraz edir və məhkəmədə etiraz edir.