Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti bayram günlərində sağlam qidalanma qaydalarını açıqlayıb

Baş səhifə

Bakı. Trend:

Bayram günləri ilə əlaqədar sağlam qidalanma mövzusu daha da
aktuallaşır. Süfrələr dolu olur, yeməklər isə xüsusi hazırlanır.
Lakin əsas qayda sadədir: nə yediyini anlamaq və “ağıllı”
qidalanma”.

Trend xəbər
verir ki, bunu “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” verilişində
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin
Məmmədov açıqlayıb.

Onun sözlərinə görə, bayram süfrəsində normadan artıq yeməyin
başqa bir səbəbi də psixoloji amildir:

“Bəzi insanlar düşünürlər ki, bayram olduğu üçün normadan artıq
yeməyin heç bir ziyanı olmaz. Əslində bayram günü həm sağlam, həm
də zövqlü yemək tam mümkündür. Bunun üçün ən önəmli qayda
tələsməməkdir. Yavaş-yavaş yemək, çeynəməyi artırmaq, yeməklər
arasında qısa fasilələr vermək bədənin doyma siqnallarını vaxtında
göndərməsinə imkan yaradır. Əks halda fəsadlar baş verə bilər.
Bayramda rahat gəzməyin qızıl düsturu budur yavaş ye, yaxşı çeynə,
doyduqda dayandır”.

Mütəxəssis-ekspert bildirib ki, ikinci mühüm nöqtə isə süfrədəki
hər şeydən yemək məcburiyyətinin olmamasıdır:




“Bayramda müxtəlif çeşidlər olur: ağır yeməklər, yağlı ətlər,
şirniyyatlar, qızartmalar. Burada ağıllı seçim etmək sənə həm
sağlamlıq qazandırır, həm də mədə-bağırsağını bayramdan sonra ağır
iş yükündən xilas edir. Boşqaba əvvəlcə yüngül salat və tərəvəz
qoymaq orqanizmdə həzmi yüngülləşdirir. Bundan sonra istədiyiniz
yeməkdən kiçik porsiya götürmək rahat balans yaradır”.

E.Məmmədov, həmçinin bayram içkiləri barədə məlumat verib:

“Xüsusilə qazlı içkilər və yüksək şəkərli şirələr yemək həzmini
ağırlaşdırır və şişkinlik yaradır. Bunun əvəzinə su içmək həm doyma
hissini artırır, həm də şirniyyatlara meyli azaldır. Ağır yeməyin
yanında 1-2 stəkan su içmək mədəni daha rahatlaşdırır. Əgər spirtli
içki qəbul olunursa, onu da minimal, su ilə növbəli şəkildə içmək
ən doğru yanaşmadır.

Bayram şirniyyatını da dadmaq olar, sadəcə kiçik porsiyada və
əsas yeməkdən bir az fasilə ilə qəbul etmək olar. Çünki, mədə eyni
anda həm yağlı yemək, həm də şəkəri qəbul edəndə həzm sisteminə
mənfi təsir edir.