Bakı. Trend:
Son günlər Şimali Avropa ölkələrində müşahidə olunan güclü
“Yohannes” fırtınası genişmiqyaslı dağıntılara və enerji
təchizatında ciddi fasilələrə səbəb olub.
Trend xəbər verir ki, Şimali
Norveçdə əlverişsiz hava şəraitindən sonra yüzlərlə ziyanla bağlı
müraciət qeydə alınıb. Bələdiyyələrdən birində məktəbin pəncərələri
demək olar ki, tamamilə sınıb, yaşayış evləri, avtomobillər və
ictimai binalar ziyan görüb. Fırtına, həmçinin aviasiya, bərə və
avtomobil nəqliyyatının işində ciddi pozuntular yaradıb.
İsveçdə fırtına zəifləsə də, onun elektrik enerjisi təchizatına
mənfi təsiri davam edir. Fırtına başlamasından bir sutka keçməsinə
baxmayaraq, xüsusilə də ölkənin mərkəzi və şimal bölgələrində 15
mindən çox ev təsərrüfatı hələ də işıqsız qalıb. Enerji şirkətləri
bərpa işlərinin çoxlu sayda aşmış ağaclar səbəbindən çətinləşdiyini
bildirir və bəzi istehlakçıların bir neçə gün də elektrik enerjisiz
qala biləcəyi barədə xəbərdarlıq edirlər. Fırtına zamanı üç nəfər
həyatını itirib.
Finlandiyada da vəziyyət ağır olaraq qalır. Fırtınadan sonra 152
bələdiyyədə 26 mindən çox istehlakçı hələ də elektrik enerjisi ilə
təmin olunmayıb. Enerji şirkətləri təmir-bərpa işlərinin bir neçə
sutka çəkə biləcəyini bildirirlər. Bundan əlavə, təbii fəlakət
dəmir yolu və hava nəqliyyatının fəaliyyətində də fasilələr
yaradıb.
Zərər çəkmiş bütün ölkələrdə hakimiyyət orqanları və fövqəladə
xidmətlər gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam
etdirirlər.

