Abramoviç “Çelsi” satışından əldə olunan pulları Ukraynaya köçürməkdən imtina edib

Baş səhifə

Bakı. Trend:

Roman Abramoviç bir vaxtlar sahib olduğu İngiltərənin “Çelsi”
Futbol Klubunun satışından əldə olunan pulları Ukraynaya ötürməyib.
Rusiyalı milyarderin nümayəndələri bildiriblər ki, Cersi adası
hökumətinin biznesmenə qarşı başlatdığı istintaq və məhkəmə prosesi
yekunlaşmayana qədər belə bir köçürmə əməliyyatı həyata keçirilə
bilməz.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Qərb mediasının yazdığına görə, sövdələşmə nəticəsində Abramoviç
2,5 milyard funt-sterlinq (£2,5 mlrd) əldə edib, lakin sanksiyalar
səbəbindən bu vəsaitlər sahibkarın hesablarında dondurulub. Böyük
Britaniya hakimiyyət orqanları isə öz növbəsində ondan həmin
vəsaitləri Kiyevə köçürməyi tələb ediblər. Abramoviç isə “Çelsi”nin
satışından əldə olunan pulları Ukraynaya vermək niyyətində deyil.
Bunun üçün o, hüquqlarını məhkəmədə müdafiə etmək məqsədilə bir
qrup hüquqşünas cəlb edib.

Abramoviç “Çelsi”ni 2003-cü ildə 140 milyon funt-sterlinqə (£140
mln) satın alıb. Həmin vaxtdan etibarən London klubu beş dəfə
İngiltərə Premyer Liqasının (APL) çempionu olub, iki dəfə
Çempionlar Liqasını və Avropa Liqasını qazanıb, beş dəfə İngiltərə
Kubokunu, üç dəfə isə İngiltərə Liqa Kubokunu əldə edib. O, 2022-ci
ilin mayında sanksiyalar səbəbindən klubu satıb.