“Azərbaycan dili” platformasının təqdimat mərasimi keçirilib (FOTO)

Baş səhifə

Bakı, Trend:

Dekabrın 28-də Azərbaycan Dillər Universitetində “Azərbaycan
dili” platformasının təqdimat mərasimi keçirilib. Layihənin ideya
müəllifi və rəhbəri Alena Əliyevadır.

Trend xəbər verir
ki, təqdimat mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti,
IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı
Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və layihənin ideya müəllifi
və rəhbəri Alena Əliyeva iştirak ediblər.

Əvvəlcə Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla
qonaqlara universitetin fəaliyyəti haqqında məlumat verib.
Azərbaycan Dillər Universitetinin muzeyinə baş çəkən qonaqlar
muzeyin fəaliyyəti ilə tanış olub, eksponatlar haqqında
məlumatlandırılıblar.

Təqdimat mərasimində çıxış edən Kamal Abdulla platformanın
Azərbaycan dilinin qorunması, inkişafı və müasir rəqəmsal mühitdə
təbliği baxımından əhəmiyyətindən bəhs edib.

“Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının
80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxışı zamanı
Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı söylədiklərinin
fonunda bu cür platformanın realizə olunmasına böyük ehtiyac var
idi. Universitetin alimləri və gənc mütəxəssisləri bu işi şərəflə
yerinə yetirdilər.

Azərbaycan Dillər Universiteti olaraq Azərbaycan dilinin,
mədəniyyətinin, multikulturalizm modelinin xarici ölkə
universitetlərində mərkəzlərini yaradır, o mərkəzlərdə dilimizi
həmin ölkənin gənclərinə öyrədirik. Belə platforma və layihələrin
yaranması faktiki olaraq Prezident İlham Əliyevin bu istiqamətdə
gördüyü işlərlə bağlıdır. Platformaların bir-biri ilə əlaqəsi
vacibdir. Çünki ən müxtəlif instansiyalarda, universitetlərdə,
qurumlarda, nazirliklərdə dövlətimizin başçısının göstərişlərinə,
tövsiyələrinə əsasən müəyyən işlər aparılır. Amma təəssüf ki, həmin
platforma və layihələr bir-birindən xəbərsiz şəkildə həyata
keçirilir. Arzu edirəm ki, həmin platformalar bir-birini
dəstəkləsin, tamamlasın, hər biri sürəklilik nümayiş etdirsin.
Bunun üçün Koordinasiya Şurasının yaradılması arzuolunandır. Belə
olan halda Prezident İlham Əliyevin göstərişlərini daha məqsədyönlü
şəkildə həyata keçirə bilərik”, – deyə K.Abdulla vurğulayıb.

Layihənin ideya müəllifi və rəhbəri Alena Əliyeva çıxışı zamanı
təhsilin cəmiyyətimizdə vacib rola malik olduğunu bildirib. O,
platformanın təqdimatı münasibətilə hər kəsi təbrik edib. Layihənin
həyata keçirilməsində göstərilən dəstəyə görə Heydər Əliyev
Fonduna, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə,
Azərbaycan Dillər Universitetinə, o cümlədən layihənin bütün
iştirakçılarına minnətdarlığını bildirib.

Daha sonra Azərbaycan Dillər Universitetinin prorektoru Jalə
Qəribova və layihənin koordinatoru Səbinə Əliyeva “Azərbaycan dili”
platformasının təqdimatını ediblər. Təqdimatda platformanın
yaradılma məqsədləri, funksional imkanları və müxtəlif yaş və
istifadəçi qrupları üçün nəzərdə tutulmuş məzmunu barədə ətraflı
məlumat verilib.

Tədbirdə təbrik nitqi ilə çıxış edən elm və təhsil naziri Emin
Əmrullayev “Azərbaycan dili” platformasının dövlət dilinin
öyrədilməsi və tədrisinin keyfiyyətinin artırılmasına, həmçinin
rəqəmsal təhsil resurslarının genişləndirilməsinə mühüm töhfə
verəcəyini bildirib. Nazir bu cür təşəbbüslərin Azərbaycan dilinin
müasir çağırışlara uyğun inkişafında xüsusi rol oynadığını
vurğulayıb.

Prezident İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunması
istiqamətində tapşırıqlarına uyğun olaraq ölkəmizdə görülən
işlərdən bəhs edən nazir bildirib: “Platformanın mahiyyəti ana dili
Azərbaycan dili olmayan insanlara da bizim dili öyrətməkdən
ibarətdir. Azərbaycan dili kifayət qədər geniş əhatəyə malikdir. 50
milyondan çox insan həmin dildə danışır. Bu dilin mənimsənilməsi
bir neçə baxımdan əhəmiyyətlidir. İstər Azərbaycanda təhsil alan
xarici tələbələr, istər ölkəmizdə işləmək istəyən əcnəbilər, yaxud
da Azərbaycan dilini xarici dil kimi öyrənmək istəyənlər üçün həmin
platforma vacib rol oynayacaq. Platforma ingilis dili üzərində
qurulub. Lakin düşünürəm ki, digər dillərə də tərcümə edilməsi
mümkündür. Platformada süni intellekt həllərindən aktiv istifadə
olunub. Platformanın uğurlu olacağına əminəm”.

Sonra “Azərbaycan dili” platformasına həsr olunmuş videoçarx
nümayiş etdirilib.

Daha sonra çıxış edən pakistanlı tələbə, Azərbaycan Dillər
Universitetində fəaliyyət göstərən Pakistan mərkəzinin doktorantı
Mahmut Əthar universitetdə təhsil aldığı müddətdə Azərbaycan dilini
öyrənmək, inkişaf etdirmək və gündəlik həyatının bir parçasına
çevirmək imkanı əldə etdiyini deyib.

Dilin xalqın ruhu, mədəniyyəti, onun düşüncə tərzi olduğunu
vurğulayan M.Əthar fikirlərinə belə davam edib: “Azərbaycan dili
çox zəngin bir dildir. Çünki o, Nizaminin, Füzulinin dilidir. Biz
fəaliyyət göstərdiyimiz mərkəz vasitəsilə Azərbaycan dili və
mədəniyyətinin xaricdə tanıdılmasına töhfə verməyə çalışırıq.
İslamabadda Azərbaycan mərkəzi ilə birlikdə Azərbaycan dilinin
təbliği, mədəni tədbirlərin təşkili istiqamətində işlər görürük.
Biz pakistanlı tələbələrin Azərbaycan dilini öyrənməsi üçün bir
kitab nəşr etdirmişik. Bu təşəbbüslə biz Azərbaycan dilinin
beynəlxalq miqyasda daha geniş tanınmasına bir töhfə veririk.
Məndən Azərbaycan dilini necə öyrəndiyimi soruşurlar. Rektorumuz
bizə hər zaman Prezident İlham Əliyevin bütün çıxışlarına diqqətlə
qulaq asmağı tövsiyə edir. Bu, Azərbaycan dilini öyrənmək üçün əsas
üsuldur. Azərbaycan dili güclü birləşdirici təsirə malik dildir.
Həmin dil bizi müxtəlif ölkə və millətlərdən olan insanlarla bir
araya gətirir. Azərbaycan dili, sadəcə, bir ünsiyyət vasitəsi
deyil. Həmin dil insanları, mədəniyyətləri, ölkələri birləşdirən
güclü bir körpüdür. Bu dili öyrənməkdən qürur duyuram”.

Azərbaycan Dillər Universitetinin keçmiş məzunlarından olan
tanınmış jurnalist, Rusiya Federasiyasının Əməkdar jurnalisti
Mixail Qusman çıxışı zamanı Azərbaycan dilinə marağın getdikcə
artdığını bildirib: “Amerika Birləşmiş Ştatlarının Stanford
Universitetində hər il müxtəlif ölkələrin və xalqların dilinə
maraqla bağlı araşdırma aparılır. Biz nisbətən az əhalisi olan
kiçik bir ölkəyik. Stanford Universiteti göstərir ki, son bir ildə
Azərbaycan dilinə marağın inanılmaz dərəcədə artdığı müşahidə
olunur. Bu, çox vacibdir. Bu, Prezident İlham Əliyevin yürütdüyü
heyrətamiz siyasətə dünya miqyasında göstərilən marağa tam
uyğundur. Buna milyonlarla sübut var. Melodik, gözəl, zəngin və
nəcib Azərbaycan dilinə bu gün dünyada getdikcə daha çox tələbatın
olması Prezidentin rəhbərliyi ilə ölkənin hansı yolda yürüdüyünün
nəticəsidir. Bu inanılmaz platforma üçün təşəkkür edirəm. Çox
vaxtında ərsəyə gələn bir işdir. Onu yaradanlara minnətdaram”.

Azərbaycan Dillər Universitetini 55 il əvvəl bitirdiyini diqqətə
çatdıran M.Qusman fərqlənmə diplomu ilə məzun olduğunu da qeyd
edib.

Təqdimat mərasimi çərçivəsində bədii hissə də nümayiş
etdirilib.

Təqdimat mərasimi xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.

Qeyd edək ki, platforma Azərbaycan dilinin öyrədilməsi, tədrisi
və rəqəmsal resurslar vasitəsilə geniş auditoriyaya çatdırılması
məqsədilə hazırlanıb.

Təqdimat mərasiminin 31 Dekabr – Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü ərəfəsində keçirilməsi Azərbaycan dilinin dünya
azərbaycanlılarını birləşdirən əsas dəyərlərdən biri olduğunu bir
daha nümayiş etdirib.