Almaniya kansleri ilə Ukrayna prezidenti arasında telefon danışığı olub

Baş səhifə

Bakı. Trend:

Almaniya Kansleri Fridrix Merts ilə Ukrayna Prezidenti Volodimir
Zelenski arasında telefon danışığı baş tutub.

Trend xəbər verir
ki, telefon söhbəti Ukrayna Prezidentinin ABŞ-a planlaşdırılan
səfəri ərəfəsində avropalı liderlərlə aparılan məsləhətləşmələr
çərçivəsində keçirilib.

Fridrix Merts telefon danışığı ilə bağlı X hesabındakı
paylaşımında Avropa müttəfiqlərinin Ukraynaya fəal dəstəyini
vurğulayıb. O qeyd edib ki, Avropanın sülhün, azadlığın və
təhlükəsizliyin təmin olunması üçün güclü və koordinasiyalı
yanaşması hələ də həyati əhəmiyyət daşıyır. Kansler bildirib ki,
Berlin qrupu ABŞ-dakı tərəfdaşlarla sıx koordinasiya şəraitində
Ukraynaya dəstək göstərməyə hazırdır.




Ukrayna Prezidenti Volodimir Zelenski isə X platformasındakı
paylaşımında telefon söhbətində ABŞ Prezidenti Donald Tramp ilə
keçirəcəyi görüşə hazırlıq məsələlərinin müzakirə olunduğunu qeyd
edib. O vurğulayıb ki, mövqelər uzlaşdırılır və Avropada hər kəs
Avropa həyat tərzinin, dövlətlərin müstəqilliyinin və Avropada
sülhün qorunması məsələsində eyni mövqedən çıxış etməlidir.

Zelenski Almaniyanın Ukraynaya göstərdiyi sarsılmaz dəstəyə görə
təşəkkür edib və Berlinlə birgə görülən işlər nəticəsində Ukraynada
minlərlə insanın həyatının xilas edildiyini bildirib.

Qeyd edək ki, Ukrayna Prezidenti NATO-nun Baş katibi Mark Rutte,
Kanadanın Baş naziri Mark Karni və bir sıra digər avropalı
liderlərlə də telefon danışığı aparıb.