
Bakı. Trend:
“Ayntraxt Frankfurt”un prezidenti Matias Bek komandanın
azarkeşlərinin son oyunlardakı davranışlarını sərt tənqid edib.
Trend xəbər verir
ki, Bek “Spiegel” nəşrinə açıqlamasında Köln və Barselonada
keçirilən səfər oyunlarında baş verən insidentlərin klub üçün ciddi
ziyan yaratdığını və bir sıra cəzalarla nəticələndiyini
bildirib.
Qeyd olunur ki, “Ayntraxt” azarkeşləri Çempionlar Liqasında
“Barselona” ilə səfər oyunu zamanı pirotexniki vasitələrdən
istifadə edib, qonaq sektoruna ziyan vurub və meydançaya əşyalar
atıblar. UEFA buna cavab olaraq Frankfurt komandasına yanvarın
21-də “Qarabağ”a qarşı keçiriləcək oyunda azarkeşlərinə bilet
satışını qadağan edib.
Bundan əlavə, klub Almaniya Futbol İttifaqının (DFB) İdman
Məhkəməsinin qərarları ilə azarkeşlərin qeyri-etik davranışına görə
bu il bir neçə yüz min avro cərimə ödəyib.
“Bu məni də son dərəcə qəzəbləndirir və uğur təhlükə altına
düşürsə, tədbir görülməlidir”, – deyə M.Bek bildirib. O,
azarkeşlərlə dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb
və fanatların davranışına görə bütün azarkeşlərin
cəzalandırılmasının düzgün olmadığını qeyd edib. Klub prezidenti
hazırda vəziyyətin həlli üçün konkret tədbirlərin hazırlanmaqda
olduğunu bildirib.


