
Bakı. Trend:
Kriptovalyuta cüzdanı “Trust Wallet”in istifadəçiləri haker
hücumu nəticəsində təxminən 7 milyon ABŞ dolları məbləğində vəsait
itiriblər.
Trend xəbər verir
ki, bu barədə şirkət sosial şəbəkə “X”dəki rəsmi səhifəsində
məlumat yayıb.
Məlumata görə, insident “Google Chrome” üçün “Trust Wallet”
genişləndirməsinin 2.68 versiyasına təsir edib. İstifadəçilərə
sözügedən versiyanı deaktiv etmələri və dərhal 2.69 versiyasına
yeniləmələri tövsiyə olunub.
“Binance”ın təsisçisi və “YZi Labs”ın baş icraçı direktoru
Çanpen Çzao dəymiş ziyanın həcmini təsdiqləyib və istifadəçilərə
kompensasiya veriləcəyini açıqlayıb. O, həmçinin hücum edənlərin
genişləndirmənin yeni versiyasını necə “zəhərləyə” bildiklərini
müəyyənləşdirmək üçün araşdırma aparılacağını bildirib.
Haker hücumu “Trust Wallet”in “TWT” tokeninin qiymətinə də təsir
göstərib. Hadisə ilə bağlı məlumat yayılmazdan bir neçə saat əvvəl
tokenin qiyməti təxminən 7 faiz ucuzlaşıb. Lakin Çanpen Çzaonun
açıqlamasından sonra qiymət əvvəlki səviyyələrinə qayıdıb. Dekabrın
26-sı saat 19:15-ə olan məlumata görə, TWT tokeni 0,83 ABŞ
dollarından bir qədər yuxarı səviyyədə ticarət olunurdu.


