
Bakı.Trend:
Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, “Zəfər” Şəhid
Ailələrinə Dəstək İctimai Birliyi, Azərbaycanlıların İsveçrədəki
Mədəniyyət Mərkəzi və Fransanın Nant şəhərində fəaliyyət göstərən
“Həftəsonu Qarabağ Məktəbi”nin birgə təşkilatçılığı ilə Şabran
rayonunda VII “Qardaşlaşmış Qarabağ Məktəbləri” Qış Düşərgəsinə
start verilib. Düşərgə dekabrın 23-dən 29-dək davam edəcək.
Bu barədə
Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat
verilib.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən düşərgə
şəhid övladlarına ictimai, sosial və mənəvi dəstəyin göstərilməsi,
onların asudə vaxtlarının səmərəli təşkili, milli-mənəvi dəyərlər
əsasında tərbiyəsinin gücləndirilməsi məqsədini daşıyır. Düşərgənin
proqramına maarifləndirici təlimlər, intellektual oyunlar,
mədəniyyət və idman tədbirləri, vətənpərvərlik mövzusunda görüşlər
və digər proqramlar daxildir.
Düşərgədə Fransanın Nant şəhərində fəaliyyət göstərən “Həftəsonu
Qarabağ Məktəbi”nin şagirdləri ilə Azərbaycan Respublikasının
ümumtəhsil məktəblərində təhsil alan, Vətənimizin ərazi bütövlüyü
uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin övladları bir
araya gəliblər.
Açılış mərasimində Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı
direktoru Əkrəm Abdullayev, Azərbaycan Respublikası Milli
Məclisinin deputatı Ceyhun Məmmədov, “Zəfər” Şəhid Ailələrinə
Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova, Şabran Rayon İcra
Başçısının müavini İlkin Ağayev, Vətən müharibəsi qazisi Orxan
Xıdırov və Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin
sədri Qasım Nəsirov çıxış ediblər.
Çıxışlarda uşaqlara göstərilən diqqət və qayğının dövlət
siyasətinin əsas istiqamətlərindən biri olduğu vurğulanıb, bu
baxımdan layihənin əhəmiyyətindən danışılıb.
Tədbir zamanı əvvəlki illərdə təşkil olunan düşərgələrdən bəhs
edən videoçarx göstərilib və iştirakçılara layihənin keçdiyi yol
barədə ətraflı məlumat verilib.
Düşərgənin ikinci mərhələsinin isə 2026-cı ilin yay aylarında
Fransada təşkili nəzərdə tutulur.

