Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva uşaqlar üçün təşkil olunan bayram şənliyində iştirak ediblər

Baş səhifə

Bakı. Trend:

Heydər Əliyev Fondu hər il olduğu kimi, bu il də Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində qayğıya
ehtiyacı olan uşaqlar üçün şənlik təşkil edib.

Trend xəbər verir ki,
tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, Leyla Əliyeva,
Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər.

“Yeni il möcüzəsi” adlı bayram şənliyinə müxtəlif uşaq evlərində
və internat məktəblərində tərbiyə alan, sağlamlıq imkanları məhdud
və xüsusi qayğıya ehtiyacı olan uşaqlar, eləcə də Vətən uğrunda
canlarından keçən şəhidlərimizin övladları dəvət alıblar.

Bayram ovqatı ilə bəzədilən “Gülüstan” sarayında uşaqları nağıl
qəhrəmanları qarşılayıb. “Face Art” vasitəsilə uşaqlar özləri də
istənilən möcüzə qəhrəmanını canlandırmaq imkanı qazanıblar.

Uşaq bayramı videoçarxın nümayişi ilə başlayıb. Balacaların ən
böyük dostu və himayədarı olan Azərbaycan xalqının Ümummilli Lideri
Heydər Əliyevin vaxtilə yeni nəslə qayğısından, müxtəlif illərdə
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlarını
uşaqlarla birlikdə keçirməsindən bəhs edən görüntülər maraqla
izlənilib. Videoçarxda Prezident İlham Əliyevin və Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyevanın uşaqlarla görüşlərindən də maraqlı anlar əks olunub.

Uşaqlara təqdim edilən əyləncələrlə dolu səhnəcik dostluq,
xeyirxahlıq, qarşılıqlı kömək üzərində qurulub: xoşniyyətli
insanların hər zaman qələbə çaldığı göstərilir.

Yeni il ovqatlı sarayda uşaqlar bayramı tanınmış sənətçilərin,
sevimli nağıl və cizgi filmləri qəhrəmanlarının əhatəsində rəqs
edib, mahnı ifa edərək keçiriblər.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın
rəhbərlik etdiyi Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum,
sağlamlıq imkanları məhdud uşaqların, Azərbaycanın ərazi bütövlüyü
uğrunda canlarından keçən şəhidlərimizin bizə əmanəti olan
övladlarının problemlərinin həllinə xüsusi diqqətlə yanaşır, bu
uşaqların hər zaman qayğı ilə əhatə olunmasına çalışır. Fondun
ənənəvi Yeni il şənlikləri də məhz həmin kateqoriyadan olan
uşaqları sevindirmək məqsədilə təşkil edilir.

İyirmi bir il ərzində Fondun keçirdiyi Yeni il şənliklərində
qayğıya ehtiyacı olan minlərlə uşaq iştirak edib.

Əyləncəli proqramın sonunda uşaqlara Heydər Əliyev Fondu
tərəfindən bayram hədiyyələri verilib.