“Nadir fauna növləri” adlı yeni nəsil sikkə və xalça kolleksiyaları təqdim edilib (FİOTO)

Baş səhifə

Bakı. Trend:

“AzerGold” QSC və “Azərxalça” ASC-nin birgə təşkilatçılığı ilə
nəsli kəsilmək təhlükəsi altında olan fauna növlərinə həsr edilmiş
“Nadir fauna növləri” adlı yeni nəsil gümüş sikkələrin və ipək və
yundan 3D texnologiyası ilə toxunmuş xalçaların təqdimat mərasimi
keçirilib.

“Nadir incilər – ipəklə gümüşün harmoniyası” adlı tədbirdə
dövlət və hökumət nümayəndələri, millət vəkilləri, xarici ölkələrin
Azərbaycandakı səfirləri, mədəniyyət və ictimai xadimlər,
qeyri-hökumət təşkilatları və KİV nümayəndələri iştirak
ediblər.

Tədbirdə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyətinin sədri
Zakir İbrahimov ölkəmizdə biomüxtəlifliyin qorunması istiqamətində
həyata keçirilən dövlət siyasətindən bəhs edərək, vəhşi təbiətin
mühafizəsinin dövlət siyasəti səviyyəsində prioritet
istiqamətlərdən biri olduğunu qeyd edib.

Sədr bu kontekstdə IDEA İctimai Birliyinin fəaliyyətini xüsusilə
qeyd edərək, təşkilatın həyata keçirdiyi layihələrin nəsli kəsilmək
təhlükəsi altında olan fauna növlərinə yeni həyat, təbiətə isə ümid
qazandırdığını diqqətə çatdırıb.

Z.İbrahimov bu təşəbbüslərin uğurla reallaşmasında IDEA İctimai
Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın əvəzsiz rolu
olduğu bildirilib və yeni layihənin icra edilməsində əsas ilham
mənbəyinin məhz bu fəaliyyət olduğunu vurğulayıb.




Sədr dövlət şirkəti tərəfindən təkcə yataqların istismarı
prosesində deyil, bütün istiqamətlər üzrə ekoloji tələblərin ən
vacib prioritet kimi nəzərə alındığını, eyni zamanda həyata
keçirilən sosial layihələr arasında da bioloji müxtəlifliyin
qorunmasın önəmli yer tutduğunu qeyd edib. Yeni sikkə-xalça
kolleksiyasının da nadir fauna növlərinin qorunmasının təbliği və
biomüxtəlifliyin əhəmiyyətinə diqqətin cəlb edilməsi məqsədi
daşıdığı bildirilib.

Tədbirdə çıxış edən “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri,
Əməkdar İncəsənət xadimi Emin Məmmədov bildirib ki, yun və ipəkdən
3D texnologiyası ilə toxunmuş xalçalar “AzerGold” QSC və
“Azərxalça” ASC-nin vəhşi təbiətin qorunmasına yönəlmiş ortaq
mesajını estetik və bədii formada ifadə edir. Xüsusi qeyd olunub
ki, hər iki qurumun birgə fəaliyyəti Azərbaycanın ənənəvi
xalçaçılıq sənətinin Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və
dəstəyi ilə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ
Siyahısına daxil edilməsinin 15 illiyinə həsr olunub. Sədr
“Azərxalça” ASC-nin əsas məqsədinin xalçaçılıq ənənəsinin qorunub
saxlanması və bu sənətin daha da inkişaf etdirilməsindən ibarət
olduğunu söyləyib. Emin Məmmədov sərgidə nümayiş olunan müxtəlif
Qarabağ xalçalarının qısa tarixindən də söz açaraq “Azərxalça”
ASC-nin gələcək planları və əsas hədəflərindən tədbir
iştirakçılarına xəbər verib.

Qeyd edək ki, kolleksiyaya daxil edilən hər 3 nadir fauna növü –
ceyran, bəbir və bezoar keçisi Azərbaycan Respublikasının “Qırmızı
Kitab”ı, o cümlədən Beynəlxalq Təbiəti Mühafizə İttifaqının
“Qırmızı Siyahı”sının nəsli kəsilmək təhlükəsi olan canlılar
kateqoriyasına daxil edilib. Yeni nəsil gümüş sikkələr numizmatika
sahəsində ən müasir istehsal həlli hesab edilən “Smartminting”
texnologiyasının tətbiqi ilə 2 unsiya çəkidə, yüksək keyfiyyətli
gümüşdən, 3D formatında ərsəyə gətirilib.

Tədbirdə hər iki milli brendin eyni mövzuda ərsəyə gətirdiyi
məhsullara və onların istehsalına dair videoçarxlar nümayiş olunub.
Sonda tədbir iştirakçıları yeni kolleksiya nümunələri, eləcə də
digər sikkə və külçə çeşidləri, eyni zamanda müxtəlif növ
xalçalarla tanış olublar.