Azərbaycandan Türkiyəyə “yaşıl enerji” ixracı üzrə layihələr dəyərləndirilir – Ticarət nümayəndəsi (MÜSAHİBƏ)

Baş səhifə

Bakı. Trend:

Maraq olduğu təqdirdə Türkiyədə Azərbaycanın ticarət evlərini də
açmaq mümkün ola bilər, lakin buna məhz türkiyəli iş adamları da
təşəbbüs göstərməlidirlər.

Bunu Trend
müsahibəsində Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsi Tamerlan
Tağıyev deyib.

Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyinin 2023-cü ildən
fəaliyyət göstərdiyini xatırladan nümayəndə bildirib ki, qarşıya
qoyulan vəzifələrdən ən önəmlisi türkiyəli iş adamlarını,
investorları Azərbaycana gələrək burada iş qurmağa, investisiya
etməyə cəlb etməkdir: “İkinci məqam, Azərbaycanın mal və
xidmətlərinin Türkiyədə həm tanıdılması, həm də satışı üçün müvafiq
xidmətlərdən istifadənin təmin edilməsidir. Digər önəmli məsələ
isə, iki ölkə arasında texnoloji transferin həyata keçirilməsi və
bu sahədə əməkdaşlığın qurulmasıdır. Əlbəttə, imkan olduqca hər iki
ölkədən fərqli şirkətlərin və ya iş insanlarının 3-cü ölkələrdə
birgə fəaliyyət göstərməsi istiqamətində də fəaliyyət
göstəririk”.

T. Tağıyevin sözlərinə görə, indiyədək Türkiyə iş adamlarının
30-dan artıq Azərbaycana səfəri təşkil edilib: “Bu missiya
çərçivəsində 200-dən çox iş adamı Azərbaycana səfər edib. Fərqli
sahələr üzrə onlardan bəziləri artıq Azərbaycanda fəaliyyətə
başlayıb, bəziləri isə həm yerli tərəfdaşları ilə, həm də təkbaşına
biznes planlarının üzərində çalışırlar. İnanırıq ki, onlar da ən
qısa zamanda fəaliyyətə başlayacaqlar. Məsələn, bizim vasitəmizlə
Azərbaycana gəlmiş Türkiyə şirkəti ötən gün burada Türkiyə
sərmayəli şirkət qurdu. Onlar burada innovativ xidmət göstərməyi
nəzərdə tuturlar.

Bununla yanaşı, biz özümüz də Türkiyənin müxtəlif regionlarına
səfərlər edirik. Bugünədək ölkənin 20-dən çox bölgəsinə səfər
etmişik. Orada fəaliyyət göstərən ticarət, sənaye palataları ilə
əməkdaşlıq çərçivəsində iş adamları ilə bir araya gəlmişik. Onlara
Azərbaycandakı imkanları, dövlət tərəfindən təqdim edilən güzəşt
mexanizmlərini, eləcə də bu kimi digər fürsətləri təqdim etmişik.
Əlbəttə ki, bu danışıqlarda Qarabağ və Şərqi Zəngəzur regionları
xüsusilə qeyd olunur. Türkiyəli iş adamlarını həmin regionlarda
yaradılmış şərait və güzəştlərlə məlumatlandırırıq.

Daim bildiririk ki, Azərbaycan sadəcə güzəştlər təqdim etmir,
eyni zamanda ölkəmizdə fəaliyyət göstərən müvafiq qurumlar,
məsələn, Azərbaycan Biznesinin İnkişafı Fondu həm güzəştli
kreditlər, həm də ortaqlıq mexanizmi də təklif edir. Bu, hər zaman
türkiyəli iş adamlarının diqqətini cəlb edir və artıq bundan
yararlanan və ya yararlanmağı düşünənlər də var. Hazırda
Azərbaycana bizim vasitəmizlə gələn hər bir Türkiyə şirkəti
Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) ilə görüşlər
keçirir”.




Ticarət nümayəndəsi eyni zamanda vurğulayıb ki, Naxçıvan Muxtar
Respublikasında müvafiq güzəşt və mexanizmlərlə bağlı türkiyəli iş
adamları məlumatlandırılır: “Bildiririk ki, Azərbaycanın 10 ölkə
ilə sərbəst ticarət anlaşması var və bu, 280 milyonluq nüfuza sahib
olan böyük bir bazara çıxış deməkdir. Eyni zamanda ölkəmizin həm
Türkiyə, həm də Pakistanla Preferensial Ticarət Sazişi mövcuddur.
Bu anlaşmalar çərçivəsində sözügedən ölkələrdə həmin sazişdə qeyd
olunan məhsullar üzrə sahibkarlar bazara çıxış əldə edə bilərlər.
Yəni gömrük rüsumu və vergi olmadan öz məhsulunu Azərbaycanda
istehsal edən sahibkarlar bu geniş bazarlara mal və xidmətlərini
təqdim edə bilərlər”.

Tamerlan Tağıyev iki ölkə arasında imzalanmış Preferensial
Ticarət Sazişinin əhatə dairəsinin genişləndirilməsinin mümkün ola
biləcəyini də istisna etməyib: “Preferensial Ticarət Sazişinin
əhatə dairəsi genişləndirilə, eyni zamanda buraya yeni məhsullar
əlavə edilə bilər. Sənəddəki məhsulların siyahısı hər bir ölkənin
prioritetlərinə uyğun tərtib edilib və bu siyahı yenidən nəzərdən
keçirilə, eyni zamanda genişləndirilə bilər. Bu xüsusda onu da qeyd
edim ki, Sərbəst Ticarət Sazişi haqqında da Türkiyə ilə Azərbaycan
arasında danışıqlar aparılır. Bu anlaşmanın baş tutacağına ümid
edirik”.

Nümayəndə eyni zamanda Azərbaycanla Türkiyə arasında bərpa
olunan enerji, xüsusən də enerji ixracı amillərindən də bəhs edib:
“COP29 zamanı “yaşıl enerji” sahəsində böyük uğurlar əldə edildi.
Türkiyəli iş adamları da Azərbaycanın bu tədbirdəki rolunu çox
yüksək qiymətləndirdilər. Eyni zamanda məlumdur ki, COP31 Türkiyədə
keçiriləcək və orada “yaşıl enerji”yə keçid üzrə mühüm danışıqlar
aparılacaq. Türkiyədə kifayət qədər bu istiqamətdə fəaliyyət
göstərən şirkət var. Naxçıvan Muxtar Respublikasında bərpa olunan
enerjinin istehsal olunaraq Türkiyə və digər bazarlara ixrac
edilməsi istiqamətində bir çox şirkət bizə müraciət edib. Hazırda
layihənin dəyərləndirilməsi üzərində işlər görülür. Eyni tip
layihələri Qarabağ bölgəsində də həyata keçirmək istəyən şirkətlər
var.

Azərbaycan və Türkiyə arasında qarşılıqlı ticarətin 15 milyard
dollara çatdırılması kimi hədəf qoyulub. Biz də Azərbaycanın
Türkiyədəki Ticarət Nümayəndəliyi olaraq bu istiqamətdə
öhdəliyimizə düşən işləri reallaşdırırıq”.

Türkiyə bazarının kifayət qədər
zəngin olduğunu hesab edən ticarət nümayəndəsi hesab edir ki,
Azərbaycanın bəzi malları, xüsusən də Preferensial Ticarət Sazişinə
daxil edilmiş mallar Türkiyə bazarına gömrüksüz girə bildiyi üçün
həmin bazarda rəqabətli ola bilər: “Ona görə də bu gün əsasən
malları həmin sazişdə öz əksini tapan sahibkarları Azərbaycana
dəvət etmişik. Eyni zamanda Türkiyədən alıcı missiyası da təşkil
edilib. Həmin qonaqlar ölkələrində böyük market şəbəkələrinə
mallarını tədarük edən və ya Azərbaycanın Türkiyədə ticarət
evlərinin açılmasını istəyən türkiyəli iş adamlarıdır. Yeri
gəlmişkən, maraq olduğu təqdirdə Türkiyədə Azərbaycanın ticarət
evlərini də açmaq mümkün ola bilər, lakin buna məhz türkiyəli iş
adamları da təəşəbbüs göstərməlidirlər. Bu təşəbbüsü onlarda
oyatmaq üçün əlimizdən gələni edirik”.

Tamerlan Tağıyev Zəngəzur dəhlizinin reallaşmasının iki ölkənin
ticarət əlaqələrinə təsirlərindən də danışıb: “Zəngəzur dəhlizinin
açılması və fəaliyyətə başlaması ilə Azərbaycan və Türkiyə arasında
məsafə xeyli qısalacaq ki, bu da çox önəmli bir göstəricidir. Çünki
logistika ticarətdə çox böyük əhəmyyət kəsb edir. Burada həm zaman,
həm rahatlıq, həm də dəyər məsələsi önə çıxır. Logistika xərcləri
malın dəyərinə, onun rəqabətli olmasına təsir edir. Zəngəzur
dəhlizi açıldıqdan sonra daha böyük canlanma baş verəcək və biz bu
barədə artıq indidən türkiyəli iş adamlarına məlumat veririk, bu
fürsətləri indidən dəyərləndirməyə çağırırıq. Biz onu da deyirik
ki, sadəcə bir neçə il bundan öncə fəaliyyətə başlamış Ağdam Sənaye
Parkı artıq 70% dolub. Bu o deməkdir ki, fürsəti indidən
dəyərləndirmək lazımdır”.

Ticarət nümayəndəsi qarşıdakı il üzrə hədəflərə gəlincə isə
bunları qeyd edib: “Fəaliyyətimizi qiymətləndiririk. Hansı
istiqamətlərə daha çox önəm verməli olduğumuzu dəyərləndiririk.
Türkiyənin müxtəlif regionlarının həm istehsalat, həm də ticarət
nöqteyi-nəzərdən çoxşaxəli fəaliyyəti var. Biz də gələn il
Türkiyənin digər regionlarına da səfər etməyi, Azərbaycanın
yaratdığı imkanları, fürsətləri təbliğ etməyi hədəfləyirik.
Türkiyəli iş adamlarının Azərbaycana səfərlərini təşkil etmək əsas
öhdəliyimizdir. Türkiyədəki sənaye, ticarət palataları ilə iş
birliklərini daha da genişləndirmək və bizim ixrac potensialı olan
şirkətlərlə bugünkü kimi daha çox bir araya gəlməyi planlaşdırırıq.
Eyni zamanda texnoloji həllər istiqamətində əməkdaşlığın
genişləndirilməsi və bu kimi digər dəstəkləyici tədbirlərin həyata
keçirilməsi nəzərdə tutulur”.