Hesablama Palatası: Yeni informasiya sistemi dövlət auditinin təkmilləşdirilməsinə xidmət edəcək

Baş səhifə
Hesablama Palatası: Yeni informasiya sistemi dövlət auditinin təkmilləşdirilməsinə xidmət edəcək

Hesablama Palatasının yeni informasiya sistemi dövlət auditinin daha da təkmil olmasına xidmət edəcək.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Palatanın aparat rəhbəri Tamerlan Yusif-zadə “Dövlət auditi ilə bağlı məlumatların ictimaiyyətə düzgün təqdim edilməsində medianın rolu” mövzusunda keçirilən təlim zamanı bildirib.

Onun sözlərinə görə, risklərin vaxtında aşkar edilməsi üçün müxtəlif dövrləri əhatə edən büdcə hesabatları, maliyyə məlumatları və qurumlardan daxil olan informasiyalar təhlil olunur: “Biz məlumatları bir neçə mənbə üzrə müqayisə edirik. Uyğunsuzluqlar və fərqlər risk siqnalları kimi dəyərləndirilir, audit planlaşdırılmasında nəzərə alınır”.

T.Yusif-zadə qeyd edib ki, Palata risk əsaslı yanaşma çərçivəsində audit planlarını formalaşdırır: “Hazırda qurulmasına başlanılmış Dövlət Auditi İnformasiya Sistemi (DAİS) bu işin daha sistemli olmasına xidmət göstərəcək. Sistemin əsas məqsədi dövlət qurumlarından müxtəlif məlumat və hesabatları mərkəzi platformada toplamaq, icmallaşdırmaq, çeşidləmək və rəqəmsal həllərdən istifadə edərək təhlil etmək (emal etmək) və risk ssenariləri əsasında nəticələr əldə etməkdir”.