
Ağdam Sənaye Parkının ərazisində təməli qoyulan “Saloğlu Qarabağ” MMC-də hər il 4 min dəst mebelin istehsal olunması nəzərdə tutulur.
“Report”un Ağdama ezam olunan əməkdaşı xəbər verir ki, bunu Prezidentin izi ilə rayona təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında “Saloğlu” şirkətinin Kommersiya direktoru Elşən Bayramlı deyib.
Onun sözlərinə görə, müəssisə Ağdam Sənaye Parkında 1 hektar ərazidə yaradılacaq:
“Burada mebel, o cümlədən müxtəlif çeşiddə qonaq və yataq otağı dəstləri, yumşaq və metal mebel aksesuarlarının istehsalı üzrə zavodun qurulması nəzərdə tutulur. İstehsal prosesində Türkiyə, Almaniya və Çin texnologiyalarından istifadə olunacaq. Zavodun istehsal gücü illik 4 min dəst mebel və 6 min ədəd metal mebel aksesuarı olacaq”.
Bildirilib ki, müəssisənin məhsulları daxili bazarın tələbatını ödəməklə yanaşı, xaricə də ixrac da ediləcək. İnvestisiya dəyəri 8 milyon manat olan müəssisənin qurulmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən güzəştli kredit ayrılması nəzərdə tutulub. Müəssisə sənaye parkının rezidentlərinə verilən bütün vergi və gömrük güzəştlərindən yararlanacaq. Burada 50 nəfərlik daimi iş yerinin yaradılması planlaşdırılır.
Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 23-də Ağdam Sənaye Parkında “Saloğlu Qarabağ” MMC-nin istehsal müəssisəsinin təməlini qoyub.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


