
Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin müxtəlif pillələrinə qəbul prosesində xarici dil imtahanlarını fərqli şərtlərlə həyata keçirir.
DİM-dən Modern.az-a verilən açıqlamada bildirilib ki, bakalavr pilləsinə qəbulda xarici dil imtahanı üzrə danışıq qabiliyyətinin yoxlanılması yaxın zamanlarda planlaşdırılmır.
Magistraturaya qəbulda isə 2026-cı ilə aid əsas yenilik tədrisi ingilis dilində olan ixtisaslara qəbul olunmaq istəyən bakalavrlar üçün yazı blokunda esse tapşırığına 2 bal məhdudiyyətinin tətbiq olunmasıdır.
Bu addımın məqsədi xarici dil üzrə bacarıqların daha obyektiv və məqsədyönlü şəkildə ölçülməsi, həmçinin xarici dildə tədris olunan ixtisaslara uyğun seçim mexanizminin formalaşdırılmasıdır:
“Magistraturaya qəbul imtahanlarında danışıq bacarıqlarının qiymətləndirilməsi məsələsi ilə bağlı qeyd edə bilərik ki, bununla bağlı müzakirələr bir neçə ildir gündəmdədir və hazırda bu istiqamətdə normativ-hüquqi bazanın yaradılması, eyni zamanda texniki imkanların formalaşdırılması prosesi davam edir. Danışıq blokunun tətbiqi hələlik 2026-cı ildə keçiriləcək imtahanlarda planlaşdırılmır.
Magistraturaya qəbul imtahanlarında bütün bacarıqlar üzrə tapşırıqlar CEFR standartlarına uyğunlaşdırılır. Məqbul hesab ediləcək səviyyə həmin ixtisasın tədris dili, profili və tələb olunan dil kompetensiyasına uyğun müəyyənləşdirilir. Ümumi yanaşmaya görə, akademik təhsil mühiti üçün B1/B1+ səviyyə nəzərdə tutulur.
Bakalavrların isə seçə biləcəkləri dillər konkret göstərilib. Bunlar ingilis, rus, fransız və alman dilləridir. Bununla yanaşı, məhdud ixtisaslar üzrə ərəb və fars dillərini də seçməyə icazə verilir. İmtahanın eyni metodoloji prinsiplərlə keçirilməsi planlaşdırıldığı üçün heyət üzrə hər hansı çətinlik olmayacaq.
Danışıq mövzularına hazırlıqla bağlı imtahan iştirakçıları ilə əvvəlcədən yalnız nümunə mövzu və tapşırıq formatlarının paylaşılması planlaşdırılır. Namizədlərə əsasən B1+ səviyyəsinə uyğun gündəlik mövzular, akademik kontekstdə ümumi situasiyalar və yaş, təhsil, maraqlar, gələcək planlar və s. kimi real kommunikasiya sahələri üzrə hazırlıq tövsiyə olunur”.


